Bakı şəhərində əsas prospektlərin kənarında yerləşən piyada səkilərinin böyük bir hissəsi baxımsız və yararsız vəziyyətdədir. Dövlət büdcəsindən zaman-zaman piyada səkilərinin təmiri və bərpası üçün milyonlarla vəsait ayrılsa da, adətən keyfiyyətsiz və dözümsüz materiallardan istifadə olunur. Nəticədə yerə döşənən örtüklər qısa müddətdə sıradan çıxır, səkilər isə tamamilə yararsız hala düşür.
Görüntülərdən də aydın olur ki, piyada yolu demək olar ki, darmadağın vəziyyətdədir. Yağışlı havalarda səkidə əmələ gələn çökəkliklərdə su yığılır, bu isə yolu daha da keçilməz edir. Bakının ən hərəkətli və xarici qonaqların tez-tez istifadə etdiyi Moskva prospekti boyunca uzanan bu piyada yolunun bu halda qalması şəhərin ümumi görüntüsünə və imicinə də ciddi zərbə vurur.
Maraqlıdır ki, Nəsimi Rayon İcra Hakimiyyəti bu ərazilərlə faktiki olaraq maraqlanmır.
Qeyd edək ki, Nəsimi rayonunun icra başçısı uzun müddət Asif Əsgərov olub. Daha sonra onun deputat seçilməsindən sonra rayon bir müddət icra başçısız qalıb. Ötən ilin son aylarında Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsə də, qısa müddət sonra səbəbləri ictimaiyyətə açıqlanmadan gözlənilmədən vəzifədən azad edilib.
Hazırda Nəsimi rayonu faktiki olaraq icra başçısızdır. Məlumata görə, bu rayona yaxın müddətdə yeni icra başçısının təyin olunması da gözlənilmir. Rayonun idarə olunması Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilova həvalə edilib. Görünən odur ki, mövcud vəziyyətdə rayonun problemlərinin həllində ciddi və effektiv idarəetmə ortaya qoyula bilmir.
Nəticədə isə Nəsimi rayonu, xüsusilə də paytaxtın əsas prospektlərindən biri olan Moskva prospekti boyunca yerləşən piyada infrastrukturu baxımsız vəziyyətdə qalmaqda davam edir.