AZ

Məhkəmə evli qadını fotoşəkilləri ilə şantaj edən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Oruc Yusifovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Oruc Yusifov Cinayət Məcəlləsinin 178.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.


Müəyyən edilib ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə “WhatsApp” vasitəsilə tanış olduğu zərərçəkmiş Elnarə Səfərovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edib. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi guya borc verdiyi digər şəxsdən pulun qaytarılmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək onu aldadıb və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda pul vəsaitini əldə edib.


Bu məqsədlə 7 avqust 2024-cü il tarixdə saat 14:26-da paytaxt ərazisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə qadın tərəfindən Orucun istifadəsində olan hesab kartına 1 000 manat pul vəsaiti köçürülüb. Həmin məbləği ələ keçirən təqsirləndirilən şəxs Elnarəyə 1 000 manat maddi ziyan vurmaqla dələduzluq edib.


Bundan əlavə, Oruc cinayətkar niyyətini davam etdirərək qadınla bir müddət “WhatsApp” vasitəsilə yazışmalar aparıb və onun intim xarakterli fotoşəkillərini ələ keçirməyə nail olub. Daha sonra həmin görüntüləri yaymaqla hədələyərək Elnarədən pul tələb edib.


Zərərçəkmiş şəxs hədə-qorxunun təsiri altında 11 avqust 2024-cü il tarixdə saat 14:20-də paytaxt ərazisində yerləşən marketlərin birindəki “Milliön” ödəmə terminalı vasitəsilə Orucun istifadəsində olan eyni bank kartına 2 500 manat pul vəsaiti köçürüb.


Eyni zamanda, 21 sentyabr 2024-cü il tarixdə gün ərzində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaşadığı ünvandan “WhatsApp” vasitəsilə hədə-qorxu və təzyiqləri davam etdirərək ondan 10 000 manat məbləğində, yəni xeyli miqdarda pul vəsaiti tələb edib.


Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib və Oruc Yusifov saxlanılıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Qeyd: Elnarə Səfərova evli olub, Oruc Yusifov isə subaydır.

 

Əminə Bayramova 

Tarix: 26 Yanvar 2026, 08:18   
Seçilən
67
1
pravda.az

2Mənbələr