AZ

“KazMunayQaz” və “ExxonMobil” neftin əlavə ixrac marşrutlarının inkişafını müzakirə edib

Astana, 26 yanvar, AZƏRTAC

Astanada “KazMunayQaz” (KMQ) şirkətinin İdarə Heyətinin sədri Asxat Xassenov “ExxonMobil” şirkətinin baş vitse-prezidenti Piter Larden ilə görüş keçirib.

AZƏRTAC-ın “KazMunayQaz”a istinadən verdiyi xəbərə görə, tərəflər geoloji kəşfiyyat, neftin nəqli və istehsalatda innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Hazırda şirkətlər arasında imzalanan məxfilik müqaviləsi çərçivəsində “ExxonMobil” Qazaxıstandakı perspektivli geoloji kəşfiyyat sahələrini ətraflı öyrənir.

“Resurs bazasının bərpası strategiyasının həyata keçirilməsini nəzərə alaraq, “KazMunayQaz” Qazaxıstandakı perspektivli aktivlərin mənimsənilməsi üçün ExxonMobil-i strateji tərəfdaş kimi qəbul edir. Bu gün şirkətlər bütün əsas istiqamətlər üzrə məhsuldar işləyirlər. Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq daha da möhkəmlənəcək”, – deyə Xasenov vurğulayıb.

Tərəflər, həmçinin Qazaxıstan neftinin əlavə ixrac marşrutlarının inkişafı məsələlərini nəzərdən keçiriblər.

Bundan əlavə, görüşün mövzusu 2025-ci ildə KMQ və “ExxonMobil” arasında neft-qaz sektorunda yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında imzalanan sazişin icrası istiqamətində növbəti praktiki addımlar olub.

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
40
azertag.az

1Mənbələr