AZ

Eks-icra məmurunu SOCAR-a rəis müavini vəzifəsinə düzəltdirmək adı ilə 35 minlik dələduzluq edildi

Şamaxı Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Xəyal Budaqovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 

İttihama görə, Xəyal Budaqov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltmək imkanları olan, həmin qurumda geniş əlaqələrə malik şəxs kimi təqdim edib. O, SOCAR-da istənilən məsələni həll etmək səlahiyyətinə malik olması barədə zərərçəkmiş Vüqar Səfərova (adı, soyadı şərtidir) uydurma fikir formalaşdıraraq bu etibardan sui-istifadə etmək qərarına gəlib.


Niyyətini həyata keçirmək üçün təqsirləndirilən şəxs Bakı şəhər sakini ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib və cinayətdən xəbərsiz D.D. (adı, soyadı şərtidir) vasitəsilə tanış olduğu zərərçəkmiş şəxsi aldadıb. Heç bir rəsmi səlahiyyəti olmadığı halda, Vüqarı SOCAR-a departamentlərdən birinə rəis müavini vəzifəsinə işə düzəldə biləcəyi barədə yalan vəd verib.
 

Bu məqsədlə 09 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonu ərazisində yerləşən “Pirqulu” restoranında keçirilmiş görüş zamanı zərərçəkmiş şəxsdən 35 000 manat məbləğində pul vəsaiti alınıb. Həmin vəsait təqsirləndirilən şəxs tərəfindən F.F. (adı, soyadı şərtidir) ilə birlikdə ələ keçirilərək şəxsi ehtiyaclara sərf olunub.


Daha sonra təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirməyib və nəticədə Vüqara xeyli miqdarda maddi ziyan vurulub. Beləliklə, Vüqar Budaqovun hərəkətləri dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmə kimi qiymətləndirilib.


Qeyd: Zərərçəkmiş Vüqar Səfərov 2024-cü ilin fevral ayının 22-dən 12 iyun 2024-cü il tarixədək Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru (probasiya üzrə) vəzifəsində çalışıb.

Kamal Məmmədov 

Tarix: 26 Yanvar 2026, 08:36   
Seçilən
49
pravda.az

1Mənbələr