AZ

Böhtan və təhqirlər fonunda təmkin və ləyaqət... VAHİD TAĞIYEV YAZIR

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi.

***

Davranış mədəniyyəti, böhtan dövründə insan olaraq qalmaq...

***

Həssas, dəyərli bir dostumla apardığım düşüncəli söhbətdən sonra bəzi müşahidə və fikirlərimi qısaca bölüşmək istədim. Əvvəlcədən qeyd edim ki, bunlar heç bir halda məsləhət vermək iddiası daşımır, sadəcə həyat təcrübəsidir. Ümidvaram ki, ümumən cəmiyyət sağlamlaşdıqca böhtan və təhqirlər də tədricən azalacaqdır.

Bildiyiniz kimi, təqaüddəyəm. Heç kimlə problemim yoxdur. Daha çox nəvələrin təhsili və tərbiyəsi ilə məşğulam. Kitab səviyyəsində geniş, təhlili bir yazı üzərində işləyirəm, mütaliədən zövq alıram.

Təsadüfi deyil ki, bu gün davranış mədəniyyəti, ünsiyyət etikası və mənəvi dəyərlər məsələsi dövlət səviyyəsində də xüsusi diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 14 yanvar 2026-cı il tarixli Sərəncamla təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası"nda davranış mədəniyyəti sağlam və inkişaf etmiş cəmiyyətin formalaşmasında əsas amillərdən biri kimi dəyərləndirilir.

Sərəncamda qeyd olunur ki, “Davranış mədəniyyəti fərdin milli-mənəvi dəyərlərə əsaslanaraq digər fərdlərlə, qruplarla və cəmiyyətlə ünsiyyətində, eləcə də ətraf aləmlə rəftarında ifadə olunan davranış formalarının məcmusudur”.

Bu yanaşma, əslində, aşağıda bölüşəcəyim müşahidə və düşüncələrin nə qədər aktual və ümumi xarakter daşıdığını bir daha təsdiqləyir.

Reallıq budur ki, son illər dünyada aqressiya və psixoloji gərginlik artıb. Tutarlı əsas olmadan, bəzən heç yaxından tanımadan insanlara böhtan və təhqir dolu sözlər ünvanlamaq həm sosial mediada, həm də real həyatda bir çoxları üçün adiləşib, vərdişə çevrilib.

Ən çox isə ləyaqətli, şəxsiyyətli, bacarıqlı, hansısa üstünlüyü olan, uğur qazanan insanlar tənqid, müzakirə, hətta böhtan obyektinə çevrilirlər. Bu niyə belədir? Çıxış yolu varmı? Nə etməliyik?

Birmənalı cavab vermək çətindir və belə bir məsuliyyəti üzərimə götürmək niyyətində də deyiləm.

Ancaq bütün hallarda bir həqiqət dəyişməz qalır: təmkinli olmaq, təsadüfi insanların böhtanlarına görə öz yolunu dəyişməmək, motivasiyanı itirməmək lazımdır.

DÜŞÜNÜRƏM:

● Əvvəla, futbolda top kimdədirsə, hamı onun üzərinə gedir. Həyatda da çox vaxt belədir: kim işi, bacarığı, peşəkarlığı ilə fərqlənirsə, ləyaqətlə irəli çıxırsa, diqqət çəkirsə - ona qarşı gözü götürməyənlərin, böhtan atanların da sayı artır.

● Heç görmüsünüzmü ki, özünü hamıdan ağıllı sayan, ləyaqətsiz, həyasız, vərdiş halında başqaları haqqında əsassız danışan bir adama kimsə böhtan atsın? Belələri adətən hədəf yox, səs-küyün özüdür.

● Elə tərbiyəsiz insanlar var ki, onlardan mümkün qədər uzaq durmaq lazımdır. Necə ki, uzunqulağın təpik atmaq, hürən heyvanın dişləmək vərdişini bildiyimiz üçün onlara yaxın durmuruq. Onların hərəkətlərinə cavab vermək ağıllı seçim deyil. Heyvan təpik atır deyə insan ona təpik atmır. Görünür, bəzi “adamlarla” da münasibət belə qurulmalıdır. Bu, qorxaqlıq deyil. Bu, anlamayana nəsə sübut etməyin mənasız olduğunu dərk etmək, vaxtını və əsəblərini qorumaq, daha böyük məqsədlərə fokuslanmaqdır.

● Ancaq ictimai mühitdə yanaşma fərqli olmalıdır. Böyük bir iş kollektivində, qonşuluqda və ya ictimai məkanda bu cür insanlar sağlam münasibətlərə ciddi zərər vurur. İctimai qınaq olmadıqda, belələri üçün münbit şərait yaranır. Belə hallarda kiminsə qabağa çıxmasını gözləmədən kollektiv birgə, qətiyyətli mövqe ortaya qoymalıdır.

● Səbirli olmaq həmişə dözmək, mütilik demək deyil. Təmkinli olmaq vəziyyəti düzgün dəyərləndirmək, doğru məqamda ağıllı qərar vermək üçündür.

ODUR Kİ,

Ləyaqətlə yaşayan, ədaləti üstün tutan, fədakarlıqla və zövqlə çalışan insanlar bu yolda əzmlə davam etməlidirlər - həm də təbəssümlə.

Əmin olun ki, layiq olduğunuz dəyər, hörmət və qiymət gec-tez kölgəniz kimi həmişə sizinlə olacaq.

Yaşından asılı olmayaraq, hər bir insan, xüsusən gənclərimiz bu ruhda, bu xarakterdə formalaşaraq yollarına inamla davam etməlidirlər.

Hamıya sağlamlıq və uğurlar arzulayıram!

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
mia.az

1Mənbələr