AZ

İsrailin xarici işlər naziri Azərbaycana səfərdədir

Gideon Saar Bakıda yəhudi icmasının nümayəndələri ilə görüşüb, Azərbaycanı nümunəvi ölkə kimi dəyərləndirib...

Poliqon xəbər verir ki, Azərbaycana səfərə gələn İsrailin xarici işlər naziri Gideon Saar Bakıda yəhudi icmasının liderləri ilə görüş keçirib. Görüş zamanı o bildirib ki, hazırda Azərbaycanda təxminən 30 min yəhudi müsəlman əhali ilə yanaşı, qarşılıqlı hörmət, dini dözümlülük və vicdan azadlığı şəraitində yaşayır.

Nazir Azərbaycanın müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkə olmasına baxmayaraq, yəhudi icmasının təhlükəsizliyini və rifahını təmin etməsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan bu baxımdan regionda və dünyada müsbət nümunə kimi çıxış edir.

Gideon Saar iki ölkə arasındakı münasibətlərin möhkəm təmələ söykəndiyini qeyd edib. “Mən ölkələrimiz arasındakı əlaqələrə inanıram. İsrailə repatriasiya etmiş böyük yəhudi icması və hazırda Azərbaycanda yaşayan yəhudilər dövlətlərimiz arasında münasibətlərin möhkəm əsasını təşkil edir. Bu əlaqələr bir çox sahələrdə dərinləşməkdə davam edir və biz onları bundan sonra da gücləndirmək niyyətindəyik”, – deyə İsrail XİN rəhbəri vurğulayıb.

Səfər çərçivəsində Gideon Saarın Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla görüşlərinin keçirilməsi gözlənilir. Görüşlərdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı bildirilir.

Poliqon.info

Seçilən
121
poliqon.info

1Mənbələr