AZ

Sülh Şurasının Nizamnaməsinin imzalanması regionun iqtisadi inkişafında yeni dividendlər yaradacaq - ŞƏRH

Bakı, 26 yanvar, AZƏRTAC

Davosda Sülh Şurasının Nizamnaməsinin imzalanması əslində uzun müddətdir başlanan qlobal prosesin məntiqi yekunu və bu istiqamətdə atılan addımların real təsdiqi kimi dəyərləndirilməlidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri bildirib.

Onun sözlərinə görə, burada söhbət ondan gedir ki, artıq köhnə dünya nizamı faktiki olaraq öz funksionallığını itirir və yeni dünya nizamı formalaşma mərhələsinə daxil olur.

“Məhz bu yeni dünya nizamının əsas konturlarını müəyyənləşdirən aparıcı dövlətlər Sülh Şurasının Nizamnaməsini imzalamaqla, belə deyək ki, yeni beynəlxalq nizamın sütun sənədinə imza atmış oldular. Bu sənədin imzalanması, eyni zamanda, onu göstərir ki, yeni dünya nizamının iştirakçıları, xüsusilə də qlobal siyasi proseslərdə aparıcı rol oynayan ABŞ, dünyanın gələcək inkişafının qarşıdurma və xaos üzərindən deyil, sabitlik, sülh və bu əsasda iqtisadi, humanitar, sosial və siyasi əməkdaşlıqdan keçdiyini açıq şəkildə qəbul edirlər. Ən vacibi isə odur ki, bu istiqamətdə yalnız bəyanatlar deyil, konkret və inamlı addımlar atmaq üçün siyasi iradə nümayiş etdirilir.

Sənədin Azərbaycan və Cənubi Qafqaz regionu baxımından əhəmiyyətinə gəldikdə, məsələyə iki əsas aspektdən yanaşmaq mümkündür. Birinci aspekt, Sülh Şurasının Nizamnaməsinin Cənubi Qafqazda gözlənilən Ermənistan–Azərbaycan sülh müqaviləsinin imzalanmasına və postmünaqişə dövründə regional əməkdaşlıq perspektivlərinə müsbət təsiri ilə bağlıdır. İkinci məsələ isə, Ermənistanla Azərbaycan arasında mümkün əməkdaşlığın bu sənədin imzalanmasından sonra beynəlxalq müstəvidə atılacaq addımlara əlavə stimul verəcəyi də istisna deyil. Yəni proses qarşılıqlı və paralel şəkildə inkişaf edəcək, hər iki istiqamət bir-birini müsbət mənada gücləndirəcək”, - deyə N.Azəri vurğulayıb.

N.Azəri qeyd edib ki, ölkəmizin bu sənədi imzalayan dövlətlər sırasında yer alması heç də təsadüfi deyil. Belə ki, müharibədən öncəki dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi inkişaf, müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində tarixi qələbəsi və postmüharibə mərhələsində həyata keçirilən sülhsevər siyasət ölkəmizin regional və qlobal mövqeyini əsaslı şəkildə möhkəmləndirib: “Təsadüfi deyil ki, postmünaqişə dövründə Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və prinsipial siyasət regionda dayanıqlı sülhün təmin olunmasına xidmət edən real addımlarla müşayiət olunur. Məhz bu liderlik və siyasi qətiyyətin nəticəsidir ki, ötən ilin avqustunda ABŞ-da Ermənistan və Azərbaycan arasında sülhə dair saziş layihəsi paraflanıb. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan müharibədə qalib tərəf olmasına baxmayaraq, regionun gələcək inkişafı naminə sülh və əməkdaşlıq xəttinə sadiqliyini davam etdirib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Sülh Şurasına qoşulması sıradan deyil, prinsipial və strateji xarakter daşıyır: Hesab edirəm ki, bu sənədin imzalanması təkcə Ermənistan–Azərbaycan münasibətlərində deyil, ümumilikdə regionun iqtisadi inkişafında və qlobal əməkdaşlıq imkanlarının genişlənməsində yeni dividendlər yaradacaq. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə dünyanın bir ucundan digər ucuna ticarət və logistik əlaqələr daha rahat, təhlükəsiz və səmərəli şəkildə həyata keçiriləcək. Beləliklə, Sülh Şurasının Nizamnaməsinin imzalanması Azərbaycan üçün təsadüfi bir diplomatik hadisə deyil, ölkəmizin regionda və dünyada sülhə, əməkdaşlığa və davamlı inkişafa verdiyi töhfələrin məntiqi davamıdır”.

Seçilən
28
azertag.az

1Mənbələr