Qida zəncirində nəzarətin təmin edilməsi üçün qeydiyyat prosesi həlledici rol oynayır. Hazırda Qida Təhlükəsizliyi Reyestrində 80 minə yaxın qida obyekti və subyekti mövcuddur. Reyestrə daxil edilən subyektlər üzrə vahid məlumat bazası yaradılıb və şəffaflığın təmin edilməsi məqsədilə bu məlumatlar Agentliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə təqdim edilib. Beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində də ciddi addımlar atılıb. Belə ki, 31 xarici ölkənin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi artıq tanınıb.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.
Əziz Şərifov onu da qeyd edib ki, 2025-ci ildə 129 xüsusi təhlükəli heyvan xəstəliyi üzrə hesabat hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq elektron sisteminə daxil edilib. Ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla, hesabat ilində helikopter vasitəsilə aldadıcı yem formasında olan 22 500 doza quduzluq əleyhinə vaksinlə peyvəndlənmə tədbirləri həyata keçirilib. Qeyd olunanları nəzərə alaraq heyvandarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə çatdırmaq istərdik ki, heyvanların yoluxucu xəstəliklərdən qorunması üçün baytarlıq-sanitariya tələblərinə ciddi riayət etsinlər, eyni zamanda həyata keçirilən peyvəndləmə tədbirlərində fəal olsunlar. Ölkəmizdə biotəhlükəsizliyin qorunması istiqamətində Agentliyin həyata keçirdiyi profilaktik tədbirlərə dəstək göstərmək hər bir təsərrüfat sahibinin birbaşa məsuliyyətidir. Bu, həm epizootik sabitliyin qorunması, həm də qida təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yaqut Ağaşahqızı “İki sahil”