AZ

AFFA nın passivinə: “Karvan Yevlax” mənasızlığı

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

17-ci turun “Sabah” – “Karvan Yevlax” (4:1) oyunun nəticəsinə baxanlar düşünər ki, bol qollu, maraqlı oyun keçib. Əsla!

İlk hissə yarılanmamış “tələbələr” 3 qol vurmuşdu. Taymın tamamına qədər iki o qədər də real qol vəziyyəti yaratdılar.

“Karvan Yevlax”ın isə meydanda nə etmək istədiyi naməlum idi.

40-cı dəqiqəyədək rəqib qapıya yaxınlaşa bilməmək nə deməkdir?!

Dambrauskasın böyükhesablı qələbəyə rəğmən, “…mənfi şeylər görürəm” deməsi də əbəs deyil.

İkinci hissədə həvəskar səviyyədə futbol oynayan “Karvan Yevlax”a qarşı stimulsuzluq sezilirdi, litvalı mütəxəssisi də komandasının oyunundan narazı salan bu məqam idi.

***

Füzuli Məmmədov etiraz edə bilər ki, ikinci hissə 1:1 nəticələnib, “həvəskar futbol” ifadəsi doğru deyil və s.

Lakin…

“Karvan Yevlax”ın oynadığı futbol bir yana, mahiyyəti də həvəskar şəkildədir.

Bu klubun idarəçisi kimdir – bilinmir, görünmür. Keçmiş futbolçu Kənan Kərimovdan başqa kiminsə iş gördüyünü deyə bilmirik.

17 tura cəmi 6 xal toplaya bilib və turnir cədvəlinin sonuncu pilləsindədir.

Di gəl, 24 nəfərlik komandanın tam yarısı əcnəbi futbolçulardır!

Klubun idarəçilərinin kimliyini əbəs sorğulamadıq. Kim(lər)dir və büdcənin formalaşmasında hansı rolları olub?

Ümumiyyətlə, həssas məsələdir, dövlətin ayırdığı 2.5 milyon manatlıq dotasiya kim(lər)ə etibar olunub?

12 əcnəbi transfer edən Premyer Liqanın debütantı bunu hansı pulla edib? Dotasiya hesabınamı?!

Bu qədər legionerlə ən pis nəticə yarıtmaz işin göstəricisidir. Ancaq daha betəri odur ki, bu klub heç yerli futbolçu seleksiyasında da faydalı addım atmayıb. Araz Abdullayev, Vadim Abdullayev, Eltun Turabov, Elvin Yunuszadə və s. tükənmiş/məhdud perspektivli futbolçular…

Heç olmasa bir-iki gənc perspektivli, yaxud milliyə namizəd ola biləcək futbolçu götürmək olmazdımı?!

12 əcnəbi və 12 yerlidən ibarət komanda yığasan, nə onlardan, nə bunlardan yararlı/faydalı ad ola…

Belə klub nəyə gərək? Futbolumuz üçün faydası nədir?

APL-də komanda sayının artırılmasıyla haqqında müsbət rəy qondarmağa çalışan AFFA qərarının yarıtmaz nəticəyə səbəb olduğunu görsün.

Elçin Cəlilov

P.S 2.5 milyon manat dotasiyaya heç olmasa, o qədər maliyyə qoşa bilməyən kluba dotasiya hesabına əcnəbi futbolçu transfer etmək qəti qadağan edilməlidir. Ümumiyyətlə, dotasiyanın hesabına klub saxlanması tamamilə absurddur və assosiasiya gələn mövsüm üçün bu məsələ ətrafında ciddi islahatlar aparmalıdır. 1-2 milyon manat “sərmayə” ilə klub olub, dövlətdən ayrılan 2.5 milyon manatı mənimsəmə halı sayılmalıdır bu. Və nə pis ki, APL-də ən azı 3-4 belə klub var. Ciddi təhlillər, araşdırmalar edib bu məsələnin hüquqi bazası təkmilləşdirilməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
futbolpress.az

1Mənbələr