AZ

Rusdilli təhsil verən məktəblər BAĞLANACAQ?

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda rusdilli təhsil verən məktəblərin sayı və bu bölmələrə maraq ildən-ilə azalır. Bu barədə hafta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda ölkədə dövlət, özəl və xüsusi olmaqla ümumilikdə 214 rusdilli məktəb fəaliyyət göstərir. Lakin bu məktəblərin əksəriyyəti tam rusdilli deyil, əsasən Azərbaycan məktəbləri olub tərkibində rus bölmələri olan təhsil müəssisələridir.

M.Məmmədli bildirib ki, rus bölməsinə üstünlük verən valideynlərin böyük bir hissəsinin özlərinin belə rus dilində mütaliə və ünsiyyət bacarığı zəifdir. Bu isə onların övladlarının təhsilinə dəstək imkanlarını məhdudlaşdırır. Ekspert vurğulayıb ki, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur, çünki problem daha çox praktik və struktur xarakter daşıyır.

Onun sözlərinə görə, son beş ildə müəllimlərin işə qəbulu üzrə müsabiqələrdə rus bölməsi üzrə müraciət edən müəllimlər demək olar ki, yoxdur. Bu da ümumtəhsil məktəblərində rus bölməsində fənn müəllimlərinin ciddi çatışmazlığına səbəb olub.

M.Məmmədli əlavə edib ki, birbaşa rus təhsili verən məktəblərdə çalışan müəllimlərin əhəmiyyətli hissəsi 65 yaşdan yuxarıdır və artıq onların özləri də tədrisə maraq göstərmirlər. Üstəlik, rus bölməsini bitirmiş bəzi müəllimlər fənlərini Azərbaycan dilində tədris etməkdə çətinlik çəkirlər.

Ekspert qeyd edib ki, rus bölməsinə maraq daha çox özəl liseylərdə müşahidə olunurdu, lakin artıq bu sahədə də ciddi dəyişikliklər başlayıb. Məsələn, “Hədəf” liseyi rəsmi qərarla rus bölmələrinə qəbulu dayandırdığını elan edib. Bu qərar bəzi valideynlərdə narazılıq doğursa da, əsaslandırılıb ki, müasir dövrdə əsas beynəlxalq ünsiyyət dili kimi ingilis dili ön plana çıxır və rus dilinə ehtiyac azalır.

O, yaxın gələcəkdə digər özəl liseylərin də oxşar qərarlar qəbul edəcəyini və rus bölmələrindən kütləvi imtinaların baş verəcəyini bildirib. Onun sözlərinə görə, bu tendensiya artıq ümumtəhsil məktəblərində də özünü göstərir və rus bölmələrinin sayı sürətlə azalır.

Seçilən
48
hafta.az

1Mənbələr