AZ

Rəqəmsallaşmada məktəblər hələ gecikir - “Müəllimlərin İKT bacarıqları kritikdir”

Müasir təhsil sistemi sürətlə rəqəmsallaşır və texnologiyaların dərs prosesinə inteqrasiyası tədrisin ayrılmaz hissəsinə çevrilir. Bu inkişaf müəllimlərin peşəkar bacarıqlarının artırılması, yeni metodlardan istifadəsi və təhsil mühitinin müasir tələblərə uyğunlaşdırılması kimi məsələləri gündəmə gətirir.

Məktəblərdə rəqəmsallaşma və texnoloji infrastrukturun mövcud vəziyyəti, həmçinin müəllimlərin bu yeniliklərə hazırlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən vacib amillərdəndir. Bu kontekstdə müəllimlərin İKT bacarıqları və onlara dair təlimlərin effektivliyi təhsil sisteminin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Maraqlıdır, müəllimlərin İKT bacarıqları və bu sahədəki hazırlıq səviyyəsi müasir təhsil tələblərinə nə dərəcədə uyğundur?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.

Məktəblərdə rəqəmsallaşma və müasir texnologiyalara uyğunluq səviyyəsi arzuolunan durumda deyil:

"Məktəblərdə rəqəmsallaşma məsələsi və məktəblərin kompüter texnologiyalarına, eləcə də müasir texnologiyalara cavab vermə səviyyəsi arzuolunan durumda deyil. Halbuki məktəblərimizdə müəyyən minimum standartlar mövcud olmalıdır. Biz mütləq hər sinifdə müəllimə məxsus, işlək vəziyyətdə olan kompüterin olmasını arzulayırıq.

Yəni biz, təhsil mütəxəssisləri, hər sinifdə qapalı bir mühitin olmasını istəyirik. Sinif kilidli olmalıdır ki, orada hər hansı qiymətli, bahalı avadanlıq və ya tədris ləvazimatı zərər görməsin. Müəllim sinfin qapısını açaraq şagirdləri dəvət etməlidir. Şagirdlər müəllim nəzarəti olmadan sinifdə müəllimi gözləməməlidirlər. Bu halda kompüterə və digər avadanlıqlara zərər dəyməsi riski də aradan qalxmış olar.

Həmin kompüter mütləq ağıllı lövhəyə və ya proyektora qoşulmalı, eyni zamanda internetə bağlı olmalıdır. Müəllim həmin kompüter vasitəsilə slaydlarını, təqdimatlarını, videoları, simulyasiyaları, 3D modelləri və s. göstərə bilməlidir. Bunların hamısı bir kompüter, internet və proyektor vasitəsilə həll oluna biləcək məsələlərdir.

Ona görə də biz şiddətlə tövsiyə edirik ki, məktəblərdə bu minimum standartlar tətbiq olunsun. Yəni bütün auditoriya və siniflərdə qeyd etdiyim bu məsələlər öz yerini tapsa, düşünürəm ki, bir çox problemlər həllini tapar".

Müəllimlərin İKT bacarıqları və hazırlıq səviyyəsi aşağıdır:

"Müəllimlərin avadanlıqlardan istifadə bacarıqları istənilən səviyyədə deyil. Lakin bu, zamanla dəyişə bilər. Müəllimlərin bacarıqları inkişaf etdirilməlidir. Eyni zamanda, müəllimlərin istifadə edə biləcəyi kompüterlər mövcud olmalıdır. Mən müəllimlərə fərdi kompüter verilməsinin tərəfdarı deyiləm, çünki müəllim kompüteri evinə aparıb istifadə etdikdə, onu unuda bilər və ya texniki problemlər yaranar. Daha məqsədəuyğun olan variant kompüterin məktəbdə, məktəbin inventarına daxil olaraq, sinif daxilində istifadə edilməsidir. Belə bir təcrübə mövcuddur və gələcəkdə müəllimlərə də kompüter verilə bilər.

Lakin qeyd etdiyim kimi, məktəbin inventarı olaraq məktəbdə və sinifdə istifadəsi daha vacibdir. Müəllimlərin prosesə hazırlıq səviyyəsi və İKT bacarıqlarının müasir təhsil tələblərinə uyğunluğu çox aşağıdır. Əksər müəllimlər ümumiyyətlə kompüterdən istifadə etmir. İstifadə etmədikdə isə bu bacarıqlar zamanla unudulur. Sadəcə kompüteri açmaq kifayət etmir; internetdə axtarış aparmaq, süni intellekt alətlərindən istifadə etmək, Web 2.0 alətlərini tətbiq etmək, slaydlar hazırlamaq, Google və Microsoft alətlərindən yararlanmaq çox vacibdir.

Microsoft alətləri ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Elm və Təhsil Nazirliyi Microsoft ilə müqavilələr imzalayıb və geniş əməkdaşlıqlar qurub. Bütün müəllimlər üçün Microsoft hesabları açılıb. COVID-19 dövründə bu, böyük bir islahat və mühüm addım idi. Lakin bu alətlər müəllimlərin gündəlik fəaliyyətində yetərincə istifadə olunmadı. Müəllimlər onları aktiv şəkildə tətbiq etmədilər, bu da hələ də bu sahədə inkişaf ehtiyacını göstərir".

Bəzi məktəblərdə hələ də təbaşir və lövhə ilə dərs keçilir:

"Ağıllı lövhə və digər rəqəmsal təhsil vasitələrinin dərs prosesində istifadəsi, xüsusilə vizuallaşdırma və əyaniləşdirmə baxımından çox önəmlidir. Dünyanın inkişaf etmiş bütün ölkələrində artıq təhsil prosesini texnologiyasız təsəvvür etmək mümkün deyil. Texnoloji vasitələrsiz müasir təhsil yoxdur.

Bəzi klassik təhsil ənənələrinə sadiq qalan məktəblərdə və siniflərdə hələ də təbaşir və lövhə ilə dərs aparılır. Lakin texnologiyanın düzgün istifadəsi akademik nəticələrin yaxşılaşmasına səbəb olur və bu, dəfələrlə sübut olunub. Mən yalnız şagirdlərə planşet paylanmasını nəzərdə tutmuram. Düzgün istifadə olunmadıqda texnologiya şagirdlərin diqqətini yayındıra və dərsə tam cəlb olunmamalarına səbəb ola bilər. Ona görə də düzgün istifadə burada əsas məsələdən biridir. Müəllimlərin, valideynlərin və şagirdlərin texnologiyadan yalnız təhsil və tədris məqsədilə istifadə etmələri vacibdir".

Müəllimlərin İKT bacarıqlarını inkişaf etdirmək üçün məktəblərdə kompüter mütəxəssisi olmalıdır:

"Təhsil sistemində rəqəmsallaşmanın effektivliyini artırmaq üçün müəllimlərin İKT bacarıqlarının inkişafı istiqamətində məktəb miqyasında strategiyalar tətbiq olunmalıdır. Mənim fikrimcə, hər məktəbdə bir ştat vahidi açılaraq bu vəzifəyə kompüter mütəxəssisi təyin olunmalıdır. Bu mütəxəssis kompüter alətlərini yaxşı bilməli və müəllimləri əyani şəkildə təlimləndirməlidir.

Onlayn və ya kütləvi təlimlərdənsə, birbaşa və ya kiçik qruplarla keçirilən təlimlər daha effektivdir. Çünki böyük qruplarda, leksiya formatında keçirilən İKT təlimləri gözlənilən nəticəni vermir. Bir müəllimin öz iş yoldaşına öyrətməsi daha faydalıdır. Bu baxımdan məktəbdə daimi kompüter mütəxəssisinin olması geniş miqyasda problemlərin həllinə kömək edə bilər.

Belə bir mütəxəssis siniflərdəki kompüterlərin texniki baxımını təmin etməli, müəllimlərin istifadə etdiyi avadanlıqları işlək vəziyyətdə saxlamalı və gündəlik texniki problemləri həll etməlidir. Məsələn, Amerika məktəblərində məktəblərin öz IT mütəxəssisləri var və bu, işin keyfiyyətini artırır".

Zeynəb Tehranlı

Seçilən
25
1
azedu.az

2Mənbələr