AZ

Ankaradan Vaşinqtona strateji çağırış: İranı Venesuellanın gününə qoymayın!

Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, İranda baş verənlərin rejim dəyişikliyinə səbəb olacağına inanmıram.

“Amerikalı dostlarıma məsləhət görərdim ki, buranı başqa bir Venesuela halına gətirməsinlər. İran danışıqlara hazırdır, amma onların nüfuzunu itirməmələri və düzgün şəkildə danışıqlar aparmaq üçün bir yol tapmalısınız. Əgər onlar özlərini küncə sıxışdırılmış hiss etsələr, ən pis ssenariyə hazırlaşacaqlar”, – o bildirib.

Hakan Fidanın mövqeyi realpolitik baxımdan kifayət qədər rasionaldır.

Belə ki, İran kimi dərin dövlət strukturlarına, ideoloji dayaqlara və güclü təhlükəsizlik aparatına malik bir ölkədə küçə etirazlarının qısa və orta müddətdə rejim dəyişikliyinə gətirib çıxarması ehtimalı heç də həmişə mümkün olmur. Tarixi təcrübə göstərir ki, İranda sosial narazılıqlar vaxtaşırı yüksəlsə də, sistem bu dalğaları ya sərt güclə, ya da qismən yumşaltma siyasəti ilə udmağı bacarır. Burada əsas məsələ etirazların mərkəzləşmiş liderliyinin, alternativ siyasi layihənin və beynəlxalq legitim dəstəyin olmamasıdır.

Digər tərəfdən, Güney Azərbaycanın aksiyalara kütləvi və davamlı şəkildə qoşulmaması doğrudan da həlledici faktordur. İran üçün etnik əsaslı genişmiqyaslı bir dalğa “qırmızı xətt”dir və sistem belə bir ssenaridə daha aqressiv və amansız reaksiya verərdi. Bu baş vermədiyi üçün etirazlar daha çox sosial-mədəni narazılıq çərçivəsində qaldı və inqilabi mərhələyə keçə bilmədi. Rejim də bunu düzgün oxudu və riskin sistemli dağılma həddinə çatmadığını anlayaraq vəziyyəti nəzarətdə saxladı.

Fidanın ABŞ-yə “Venesuela sindromu” xəbərdarlığı da təsadüfi deyil. Xarici təzyiqlər, maksimum sanksiyalar və diplomatik blokada avtoritar rejimləri zəiflətməkdən çox zaman onları daha da sərtləşdirir və daxildə millətçilik refleksini gücləndirir. İran nümunəsində də bu baş verir. Rejim özünü “mühasirədə olan dövlət” kimi təqdim edərək həm təhlükəsizlik aparatını legitimləşdirir, həm də cəmiyyətin bir hissəsini ətrafında toparlaya bilir. Bu, danışıqlar imkanını daraldır və daha təhlükəli eskalasiya riskini artırır.

Hakan Fidanın reaksiyası həm də Türkiyənin regional güc balansı ilə bağlı strateji hesablamalarının nəticəsidir.

Belə ki, Türkiyə İranda xaos və ya rejim dəyişikliyi ssenarisindən narahatdır, çünki bu, birbaşa olaraq regionda nəzarətsiz proseslər, miqrasiya dalğası, məzhəb qarşıdurmaları və PKK/PJAK kimi aktorların fəallaşması riskini artırır. Ankara üçün sabit, proqnozlaşdırılan İran ideoloji baxımdan problemli olsa belə,  dağılmış və ya parçalanmış İrandan qat-qat üstün variantdır.

Türkiyə ABŞ və İsrailin regional reallıqları çərçivəsində “tam sərbəst”, Qərblə barışmış və sistemə inteqrasiya olunmuş bir İranı da istəmir. Belə bir İran sanksiyalardan çıxmış, iqtisadi cəhətdən güclənmiş, enerji bazarlarına qayıtmış və Qərblə siyasi kanalları açılmış bir aktor deməkdir. Bu isə Türkiyənin Yaxın Şərqdəki manevr imkanlarını daralda, onun regional tranzit, enerji və diplomatik rolunu zəiflədə bilər. Yəni Ankara üçün ideal ssenari nə İranın çöküşü, nə də ABŞ–İsrail oxu ilə tam uzlaşmasıdır.

Bu kontekstdə Hakan Fidanın “danışıqlar yolu tapılmalıdır, küncə sıxışdırılmamalıdır” mesajı əslində Vaşinqtona yönəlik balans çağırışıdır.

Türkiyə deyir ki, İranı nə Venesuela kimi iflasa sürükləyin, nə də onu Qərbin tam nəzarətində olan “normallaşmış” aktora çevirin. Mövcud, məhdudlaşdırılmış, amma idarə olunan İran modeli Ankara üçün daha əlverişlidir.

Politoloq Turan Rzayev

 

Seçilən
10
nocomment.az

1Mənbələr