Gununsesi saytına istinadən ain.az xəbər verir.
Dünya universitetləri sanki süni intellektin sürətli inkişafı fonunda özlərini itiriblər.
Təhsilin paradiqması, məqsədi, məzmunu, texnologiyaları, təşkili formaları sürətlə dəyişir. Çünki, Sİ özü də daim inkişafdadır.
Amma bizim yerli universitetlər üçün belə təhlükə yoxdur. Qlobal inkişafdan 25 il geri qalan, hələ də sənaye cəmiyyəti üçün zəif kadrlar hazırlayan bizim universitetlər, bu gün də distant təhsil sistemi yarada bilməyiblər. Bunun günahı isə universitetlərimizdə deyil. Günahkarlar 25 il ərzində İKT və distant təhsilin universitetlərə yaratdığı böyük imkanları, təhsildə rəqəmsallaşma perspektivlərini vaxtında düzgün qiymətləndirə bilməyən zəif, müasir təhsil trendlərdən çox uzaq, universitetlərə inkişaf üçün qrantlar və investisiya etməyən, əksinə universitetlərdən pul tələb edən təhsil menecerlərindədir.
Bizim universitetlər bu gün də nə kadr, nə maliyyə, nə təhsil siyasəti, nə texniki, nə də texnoloji cəhətdən rəqəmsal transformasiya proseslərinə hazır deyillər.
Son 25 ildə bizlər dünya universitetlərində olan sürətli inkişafı yalnız uzaqdan müşahidə etmişik. Buna nə maliyyə ayırmaq, nə də layihələr icra etmək haqqında düşünməmişik. Bunu təklif edən azsaylı ekspertlərə də 25 il düşmən nəzərlərlə baxmışıq. Yaxşı, təkəbbürdən ölkədaxilindəki azsaylı səsləri eşitmirdiniz, heç olmasa qonşu Qazaxıstanın, Türkiyənin təhsil menecerlərindən öyrənərdiniz təhsil elmini, idarəetməsini, işləməyi.
Belə təhsil menecerləri və maliyyələşmə ilə elm, texnologiya, süni intellekt, rəqəmsal transformasiya, rəqəmsal iqtisadiyyat və postneft dövrünə hazırlaşmaq mümkün deyil.
Ölkə prezidentinin də dəfələrlə xəbərdar etdiyi kimi, deyəsən neftimiz tükənəndən sonra, çox çətin durumda olacağıq.
İlham Əhmədov
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.