AZ

Azərbaycandakı diplomatların ağsaqqalı bu ölkənin səfiridir

Diplomatik korpusda “duayen” anlayışı xüsusi status və nüfuz ifadə edir. Fransız mənşəli bu termin “ən yaşlı”, “ən təcrübəli”, “ağsaqqal” mənasını verir və konkret ölkədə fəaliyyət göstərən səfirlər arasında ən uzun müddət xidmət edən diplomata verilən rəsmi titul kimi qəbul olunur.

Duayen diplomatik korpusun kollektiv mövqeyini ifadə etmək, onu qəbul edən ölkənin Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqələndirmək səlahiyyətinə malik olur.

Duayenin əsas funksiyaları sırasında diplomatik korpus adından rəsmi çıxışların edilməsi, XİN ilə diplomatik nümayəndəliklər arasında əlaqələndirmənin həyata keçirilməsi, dövlət tədbirlərində diplomatik korpusun təmsilçiliyi, protokol qaydalarına nəzarət olunması, yeni gələn səfirlərin adaptasiyasına dəstək göstərilməsi kimi məsələlər daxildir.

Duayen statusu rəsmi iyerarxik üstünlük yaratmasa da, diplomatik nüfuz baxımından böyük çəkisi olan mövqedir. Bu isə o deməkdir ki, bu ünvanın sahibi həm qəbul edən ölkənin hökumət dairələrində, həm də o ölkədəki xarici səfirliklərlə münasibətlərdə xüsusi münasibətə sahib olur.

Azərbaycanda diplomatik korpusun hazırkı duayeni

Xarici İşlər Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşdır.

Dipkorpusun bundan əvvəlki duayeni Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Kareemin səlahiyyət müddəti ötən ilin iyun ayında başa çatdıqdan sonra duayenlik Mərakeşin Bakıdakı səfiri olan M.A.Embarşa ötürülüb. O, 2016-cı ilin dekabr ayından Azərbaycanda fəaliyyət göstərir.

41 illik duayen

Afrika və Ərəb ölkələrinin xaricdəki səfirlərinin səlahiyyət müddəti faktiki olaraq qeyri-müəyyən müddətli olduğundan onlar uzun illər boyu çalışdıqları ölkədə dipkorpus duayenliyini əllərində tuturlar.

Azərbaycanın vaxtilə İranda səfiri olmuş Abbasəli Həsənov da bu səbəbdən 11 il İranda səfir vəzifəsində çalışmasına baxmayaq, duayen ola bilməyib.

Qeyd edək ki, təcrübəli diplomat olan A.Həsənov 1998-2009-cu illərdə Azərbaycanın İslam Respublikasındakı səfiri postunda çalışıb.

Bir çox ölkədə olduğu kimi, İranda da Fələstin səfiri uzun illər, hətta onillər ərzində dəyişməz qaldığı üçün duayen səfir eyni şəxs olub. Səlah Zəvavi 1981-ci ildən vəfat etdiyi 2022-ci ilə qədər Fələstinin İrandakı səfiri olub. Bu səbəbdən də, eyni ölkədə 11 il səfirlik müddəti diplomatik xidmət üçün kifayət qədər uzun müddət hesab olunsa da, Abbasəli Həsənov duayen ünvanını əldə edə bilməyib.

“Səlah Zəvavi 1981-ci ildən dəyişdirilmədən bu vəzifədə saxlanıldığı üçün İranda başqa heç bir xarici ölkə səfirinə duayenlik qismət olmayıb. Xatırlayıram ki, diplomatik korpusda səfirlər arasında bu vəziyyətdən narazılıq vardı. Hətta öz aramızda zarafartla deyirdik ki, İranda Fələstin səfirinə görə heç birimizə duayenlik qismət olmayacaq”, - Abbasəli Həsənov bildirib.

İkiqat duayen

1992-2005-ci illərdə Azərbaycanın Türkiyədə səfiri olmuş Məmməd Əliyev isə bu statusu iki dəfə yaşamış diplomatdır.

1994-cü ildə o, Ankarada keçmiş SSRİ məkanından olan ölkə səfirlərinin duayeni olub. Keçmiş səfir xatırlayır ki, bu statusda olarkən müstəqilliyini yeni qazanaraq Ankarada səfirlik yaradan Belarus, Litva və Ukrayna səfirliklərinə bina icarəsi və mənzil kirayəsi məsələlərinin həlli prosesində təşkilati dəstək göstərib.

İranda olduğu kimi, Türkiyədə də diplomatik korpusun rəsmi duayeni Fələstin səfiri olub. Fuad Yasin 1991-ci ildən Ankarada səfir vəzifəsində çalışıb. Onun bu postda uzun illər dəyişdirilmədən qalması duayenlik statusunun eyni şəxsdə cəmlənməsinə səbəb olduğundan, diplomatik korpusun ümumi razılığı əsasında 2001-ci ildən həmin vəzifəni de-fakto Azərbaycanın səfiri Məmməd Əliyev icra edib.

Məmməd Əliyev deyib ki, duayen statusu səfir kimi ona daha geniş imkanlar yaradıb.

“Diplomatik korpusun Xarici İşlər Nazirliyi ilə rəsmi əlaqəsi duayen vasitəsi ilə tənzimlənir. Bu da mənə Azərbaycanı təbliğ etmək baxımından böyük imkanlar yaradırdı. Mətbuata çıxış daha rahat olur, XİN-də üstün status qazanırsan və digər səfirlər arasında sözün daha çox keçir”, - Məmməd Əliyev duayenlik fəaliyyətindən bəhs edərkən deyib.

Onun xatırlatdığı maraqlı məqamlardan biri də Ankarada Azərbaycan səfirliyinin yerləşdiyi küçəyə “Bakı” adının verilməsidir:

“Səfirliyimizin yerləşdiyi küçəyə Bakı adının verilməsi üçün Ankara Böyükşəhər Bələdiyyəsinin iclasında şəxsən iştirak etdim. Bu gün Qazaxıstan və İndoneziya səfirlikləri də Bakı küçəsində yerləşir. Bu cür məsələlərin həll olunmasında duayen olmanın təsiri böyükdür”, - keçmiş səfir əlavə edib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
31
yenisabah.az

1Mənbələr