AZ

AZSTAND nümayəndələri ISO-nun standartlaşdırma üzrə Texniki Komitəsinin iclasında iştirak edib

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Senegal Respublikasının Dakar şəhərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Dayanıqlı İnkişaf Məqsədlərinin idarəedilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (ISO/PC 343) və işçi qrupunun iclasında iştirak ediblər.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Seneqal Standartlaşdırma Assosiasiyasının təşəbbüsü ilə təşkil olunan iclasa AZSTAND nümayəndələri ilə yanaşı, Danimarka Standartlar Fondu (DS), Çin Standartlaşdırma İdarəsi (SAC), Monqolustan Standartlaşdırma və Metrologiya Agentliyi (MASM), Yaponiya Sənaye Standartları Komitəsi (JISC), Sinqapur Standartlar Şurası, (SSC), Malavi Standartlar Bürosu (MBS), Uqanda Milli Standartlar Bürosu (UNBS) və digər ölkələrin standartlaşdırma üzrə qurumlarının 60-dan çox təmsilçisi qatılıb.

İclasda Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri üzrə idarəetmə sistemlərinə dair beynəlxalq standart layihələri müzakirə edilib. Həmçinin ISO/PC 343-ün illik hesabatı, digər texniki komitə və təşkilatlarla əməkdaşlıq məsələlələrinə də nəzər salınıb.

Qeyd edək ki, ISO/PC 343 2023-cü ildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin dəstəklənməsi məqsədilə standartlaşdırma fəaliyyətinin təşkili üçün yaradılıb. Azərbaycan Respublikası sözügedən texniki komitədə həqiqi üzv qismində təmsil olunur.

Seçilən
52
azertag.az

1Mənbələr