AZ

Azərbaycan vətəndaşı rus ordusundakı ŞOK FAKTLARDAN DANIŞDI – “Bizi donuz kimi…”

Ukrayna müharibəsi Rusiya ordusunun real strukturunu və insan resursuna münasibətini açıq şəkildə üzə çıxarıb. Xüsusilə xarici vətəndaşların, miqrantların və hüquqi cəhətdən zəif mövqedə olan şəxslərin Rusiya ordusuna cəlb edilməsi artıq ideoloji yox, sosial və kriminal mexanizm üzərindən həyata keçirilir.

Bu mexanizm nə klassik muzdlu ordu modelidir, nə də nizami hərbi xidmət forması. Bu, müqavilə adı altında qurulmuş çıxışı olmayan istismar sistemidir.

Bu sistemin necə işlədiyini ən aydın şəkildə göstərən mənbələrdən biri “Kyiv Post” nəşrində yayımlanan əsir müsahibələridir. Azərbaycan vətəndaşı Azər Arzuman Əhmədovun hekayəsi bu mexanizmin əsas elementlərini açıq göstərir.

Əhmədov Rusiya ordusu ilə müqavilə bağlamasını könüllü seçim kimi təqdim etmir. Onun sözlərinə görə, kriminal keçmişinə görə ailəsi təzyiqə məruz qalıb, onlardan mütəmadi olaraq pul tələb olunub və polisə müraciət etdikdə ona faktiki olaraq “təhlükəsiz çıxış yolu” kimi ordu göstərilib. Bu mərhələdə dövlət orqanları hərbi qurumla eyni mexanizmin hissəsinə çevrilir.

Əhmədov qeyd edib ki, onlara donuz kimi baxılır və işgəncələrə məruz qalırlar: “Ən elementar hərbi vasitələr belə pulla satılır. Misal üçün, gülləkeçirməz jilet üçün 200 min rubl, rabitə cihazı üçün 20 min rubl ödəməlisən”.

Məsələ ilə bağlı NOCCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Rusiya ordusunda və ya hər hansı digər xarici ölkənin silahlı qüvvələrində döyüş əməliyyatlarında iştirakına gətirib çıxaran əsas səbəblər aradan qaldırılmalıdır:

“Yəni azərbaycanlıların başqa bir dövlətin maraqları naminə, üçüncü tərəflərə qarşı döyüşməyə məcbur qalması problemi kökündən həll edilməlidir. Məlumdur ki, Azərbaycan miqrasiyasının böyük əksəriyyəti əmək miqrasiyası xarakteri daşıyır. Əmək miqrantlarının isə çox vaxt kifayət qədər hüquqi savadı olmur. Hüquqi biliklərin zəifliyi və maddi gəlir əldə etmək zərurəti onları yad ölkələrdə hərbi xidmətə yönəlməyə məcbur edir. Bu isə xüsusilə Rusiya kimi dövlətlər üçün asan istismar imkanları yaradır”.

Azər Hüseynov qeyd edib ki, Rusiya öz silahlı qüvvələrində bu şəxslərdən istifadə edərkən onların hüquqlarının müdafiəsi ilə maraqlanmır və faktiki olaraq heç bir hüquqi təminat təqdim etmir:

“Çünki bu insanların hüquqlarını qoruyan effektiv mexanizm mövcud deyil. Rusiya ordusunda “boz zona” prinsipi hökm sürür və bu sistemdə xarici mənşəli şəxslərin maddi təminatı, sosial vəziyyəti və ya hüquqi statusu nəzərə alınmır. Rusiya ordusu situativ maraqlarla hərəkət edir və azərbaycanlıların hüquqlarına riayət olunması kimi bir qayğı daşımır. Bu baxımdan məsələ təkcə fərdi seçim deyil, struktur və sistem problemidir və dövlət səviyyəsində yanaşma tələb edir”.

Tunar

Seçilən
44
nocomment.az

1Mənbələr