AZ

Gömrük güzəşti 300 dollardan 100 dollara endirilir?

Gömrük güzəşti 300 dollardan 100 dollara endirilir?

Vətəndaşların şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən xaricdən ölkəyə gətirə biləcəyi malların dəyərinin 300 dollardan 100 dollara endiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

AFN.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov APA-ya müsahibəsində bu barədə onlarda heç bir məlumatın olmadığını qeyd edib.

“Bu məbləğin 300 dollardan 100 dollara endirilməsi ciddi əsaslandırma tələb edir. Vaxtı ilə 300 dollar müəyyən edilərkən bu, ən optimal bir rəqəm kimi arqumentləşdirilmişdir. İndi həmin rəqəmin 3 dəfə azaldılması ciddi suallar doğura bilər”, – deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, şəxsi istifadə üçün gətirilən mallar üzrə gömrük güzəşti limitinin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi sosial mahiyyət daşıyır:

“Bu, vətəndaşların gündəlik tələbatının nisbətən əlverişli şərtlərlə ödənilməsinə xidmət edir. Optimal gömrük inzibatçılığı və nəzarəti şəraitində bu cür güzəştlərdən sui-istifadənin qarşısı alına bilər”.

Azər Əmiraslanov qeyd edib ki, kommersiya xarakterli idxalın “şəxsi istifadə” adı altında rəsmiləşdirilməsinin qarşısını limitin azaldılması ilə deyil, gömrük nəzarətinin gücləndirilməsi ilə almaq mümkündür.

Onun fikrincə, güzəştli limitin endirilməsi əvəzinə şəxsi istifadə ilə kommersiya idxalı arasındakı sərhədlər müvafiq qurumlar tərəfindən dəqiqləşdirilməli, eyni şəxsin qısa müddətdə çoxsaylı sifarişləri üzrə risk əsaslı nəzarət tədbirləri həyata keçirilməlidir.

“Bu məsələnin sosial effekti fiskal effektindən üstün tutulmalıdır”, – deyə komitə sədri vurğulayıb.

Seçilən
63
14
afn.az

10Mənbələr