AZ

Aİ 2027-ci ildən Rusiyadan LNG tədarükünü tam qadağan edəcək

Avropa İttifaqı Şurası Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə 2027-ci il yanvarın 1-dən etibarən tam qadağa qoyulmasını təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə məlumat Şuranın rəsmi internet saytında dərc olunub.

Bildirilib ki, Rusiyadan boru kəməri vasitəsilə təbii qaz tədarükünə qadağa isə 2027-ci il sentyabrın 30-da qüvvəyə minəcək. Sənəddə qeyd olunur: “Bundan sonra Rusiyadan Avropa İttifaqına boru kəməri qazının və LNG-nin idxalı qadağan ediləcək”.

Bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrinin enerji sahəsində Rusiyadan olan müvəqqəti asılılıqdan çıxaraq Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşdüklərini bəyan etmişdi.

Kremlin sözçüsü jurnalist Pavel Zarubinə verdiyi müsahibədə Avropanın enerji sektorunda Rusiyadan asılılığının qarşılıqlı və müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Moskva Avropa ölkələri üçün satıcı, Avropa isə alıcı qismində asılı mövqedə olub.

Beynəlxalq münasibətlər üzrə ekspert Gerhard Monqott isə Berliner Zeitung qəzetinə verdiyi son müsahibəsində qeyd edib ki, Avropa İttifaqı təhlükəsizlik və enerji sahələrində tam şəkildə ABŞ-dən asılı vəziyyətə düşdüyü üçün Vaşinqton üzərində hər hansı təsir imkanına malik deyil. O bildirib ki, Avropanın təbii qaz idxalının 27 faizi ABŞ-nin payına düşür və Aİ hazırda Amerika qazından ciddi şəkildə asılıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr