“Qrenlandiya böhranı əslində ABŞ-ın Arktika regionunda artan maraqlarının və geosiyasi rəqabətin təzahürüdür. Donald Trampın Qrenlandiya mövzusunu gündəmə gətirməsi təsadüfi deyil: bu ada həm strateji mövqeyinə, həm də enerji və mineral resurslarına görə böyük əhəmiyyət daşıyır. Ağ Evin rəsmi səhifəsində paylaşılan simvolik görüntü, Trampın pinqvinlə əl-ələ tutması və Qrenlandiya bayrağının fonunda təqdim olunması siyasi mesaj xarakteri daşıyır. Bu, ABŞ-ın bölgəyə diqqətini və “yumşaq güc” elementləri ilə ictimai rəy formalaşdırmaq cəhdini göstərir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, “Nyu York Tayms”ın yazdığı kimi, Tramp ilə Danimarka Baş naziri Mette Frederiksen arasında gərgin telefon danışığı Qrenlandiya məsələsinin nə qədər həssas olduğunu təsdiqləyir:
“Danimarka Qrenlandiyanın suverenliyini qorumaq niyyətindədir və ABŞ-ın birbaşa nəzarət təşəbbüsünə müsbət yanaşmır. Bu, böhranın diplomatik müstəvidə davam edəcəyini göstərir. ABŞ üçün əsas məqsəd Qrenlandiyada hərbi-strateji mövcudluğunu gücləndirmək, Arktika marşrutlarına nəzarəti artırmaq və Çin-Rusiya təsirini balanslaşdırmaqdır.
Analitik baxışla demək olar ki, Trampın Qrenlandiyaya tam nəzarət təmin etməsi real görünmür. Danimarka və Avropa İttifaqı bu addımı qəbul etməz, beynəlxalq hüquq da belə bir transferi çətinləşdirir. Lakin ABŞ bölgədə təsirini artırmaq üçün investisiya, infrastruktur layihələri və təhlükəsizlik əməkdaşlığı vasitəsilə Qrenlandiyanı öz orbitinə yaxınlaşdırmağa çalışacaq. Yekunda böhran birbaşa “nəzarət”lə deyil, daha çox “təsir dairəsinin genişlənməsi” ilə nəticələnə bilər. ABŞ Qrenlandiyanı formal olaraq əldə etməsə də, strateji baxımdan bölgədə mövqeyini gücləndirmək imkanlarını genişləndirəcək. Bu isə Arktika siyasətində yeni güc balansının formalaşmasına səbəb olacaq”.
//Gülnarə Abasova, Editor.az