Təyyarə qəzaya UĞRAYIB
Ajans.az CNN-ə istinadən xəbər verir ki, təyyarə Bangor Hava Limanından qalxdıqdan qısa müddət sonra qəza baş verib. Təyyarədə olan səkkiz nəfərin vəziyyəti barədə hələ məlumat açıqlanmayıb. Hava limanı rəhbərliyi hadisə yerinə təcili yardım xidmətlərinin yerli vaxtla saat 19:45 (Bakı vaxtı ilə 04:45) çatdığını bildirib. Qəzadan sonra hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəza ABŞ-ın şimal-şərqini bürüyən güclü qar fırtınası zamanı baş verib. Men ştatında temperatur sıfırın altında olub və görünürlük əhəmiyyətli dərəcədə azalıb. Telekanalın məlumatına görə, ekstremal hava şəraiti artıq insan tələfatına səbəb olub. Ölkənin müxtəlif bölgələrində anormal soyuq və güclü qar yağışı nəticəsində ən azı altı nəfər ölüb. Həmçinin ABŞ-ın şərq və cənub-şərq bölgələrində 900.000-dən çox müştəri elektriksiz qalıb, ən çox təsirlənən ştat Tennessi olub. Böyük şəhərlərdə məktəblər bağlanıb, Boston Universiteti, Braun Universiteti və Corciya Universiteti də daxil olmaqla bir neçə universitet distant təhsilə keçib. Qar fırtınası 24-26 yanvar tarixləri arasında ABŞ-da 16.000-dən çox uçuşun ləğv edilməsinə səbəb olub. Onlardan təxminən 10.000-i 25 yanvarda ləğv edilib ki, bu da COVID-19 pandemiyasından bəri uçuşların ləğv edilməsinin ən yüksək səviyyəsidir. Meteoroloqlar bildirirlər ki, soyuq hava şəraiti ABŞ-ın böyük hissəsində bir müddət davam edəcək.