AZ

Sona Quliyeva: Bədii yanaşma ilə resurslara məsuliyyətli münasibət geniş auditoriyanı məmnun edir

Bakı, 26 yanvar, Anara Axundova, AZƏRTAC

Xəbər verildiyi kimi, Gəncə Ticarət Mərkəzində “İkinci həyat” bədii layihə çərçivəsində yaradıcılıq seminarı və sərgi keçirilib. Tədbirdə iştirak edən Bakı və Gəncədən olan rəssamlar orijinal vəziyyətini itirmiş və bərpa olunmayan ənənəvi Azərbaycan xalçaları üzərində canlı sənət əsərləri yaradıblar.

Layihənin həmmüəllifi Sona Quliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bu cür təşəbbüslərin regionlarda həyata keçirilməsinin əhəmiyyətini izah edib. O vurğulayıb: “Bu cür layihələr dialoq üçün məkan yaradır, yerli sənətkarları və geniş auditoriyanı müasir bədii prosesə cəlb edir, habelə mədəniyyət sahəsində ən son yenilikləri paytaxtdan kənarda daha geniş şəkildə yayır”.

Onun sözlərinə görə, incəsənət mürəkkəb və vacib mövzuları sadə, illüstrativ dildə həll etmək üçün unikal gücə malikdir.

“Təkrar emal olunmuş materiallarla bədii yanaşma vasitəsilə resursların məsuliyyətli idarə olunması mövzusu daha geniş auditoriya üçün çox əlçatan və başadüşülən olur. Komandamız bu sahəni inkişaf etdirməyi, sərgilərin və yaradıcı təşəbbüslərin coğrafiyasını genişləndirməyi planlaşdırır”, -deyə layihənin həmmüəllifi bildirib.

Sona Quliyeva vurğulayıb ki, “İkinci həyat” patentləşdirilmiş, mülkiyyət hüququ olan bir layihədir.

Qeyd edək ki, “İkinci həyat” sərgisi əvvəllər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında, Milli Xalça Muzeyində və Pakistanda keçirilən beynəlxalq sərgidə təqdim olunub.

Seçilən
20
azertag.az

1Mənbələr