AZ

Ötən il Naxçıvanda 1 milyon 916 min manat dəyərində kənd təsərrüfatı texnikası satılıb - Açıqlama

Naxçıvan, 26 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasında “Naxçıvan Aqroservis” ASC tərəfindən fermerlərə ümumi dəyəri 1 milyon 916 min 730 manat olan kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq satılıb. Onlardan 20-si taxılyığan kombayndır. Bundan əlavə, fermerlərin ehtiyaclarına uyğun olaraq əkin, becərmə, məhsul yığımı, yem hazırlığı, arıçılıq və südçülük sahələrində istifadə olunan müxtəlif kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların da satışı həyata keçirilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Naxçıvan Aqroservis” ASC-nin sədri Cavid Ağaməliyev deyib.

O bildirib ki, fermerlərin texnikaya olan tələbatını ödəmək məqsədilə 2025-ci ildə Gəncə Avtomobil Zavodundan ümumi dəyəri 1 milyon 532 min 800 manat olan 27 ədəd “Belarus” markalı traktor satın alınıb.

Cavid Ağamaliyev qeyd edib ki, kənd təsərrüfatı texnikaları fermerlərə nağd satışla yanaşı, lizinq yolu ilə də təqdim olunur. Bu zaman texnikanın dəyərinin 20 faizi fermer tərəfindən ödənilir, ilkin dəyərin 40 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, qalan 40 faizi isə 5 il müddətində ödənilir.

"2026-cı ildə fermerlərin tələbi nəzərə alınaraq daha çox “CLASS Dominator” və “New Holland” markalı texnikaların alınması planlaşdırılır. Bununla yanaşı, Naxçıvanda bağçılığın inkişafı məqsədilə ağac silkələyən qurğuların, şitil əkilməsi və gübrə səpilməsi üçün avadanlıqların, su kanalı açan texnikaların, çalaqazan, mala və dırmıq kimi alətlərin, həmçinin 1, 2 və 3 hektarlıq sahələr üçün çiləmə üsullu suvarma sistemlərinin və üzüm bağları üçün tənəkə məftili bağlayan qurğuların alınması da nəzərdə tutulur" - deyə, ASC sədri əlavə edib.

Seçilən
70
3
azertag.az

4Mənbələr