AZ

Taliban bin Ladenin tərcüməçisi üçün ABŞ-la danışıqlar aparır

Əfqanıstan hökumət rəsmiləri Ağ Evlə danışıqlar aparır. Taliban Əfqanıstan həbsxanalarında cəza çəkən amerikalıların azad edilməsi müqabilində Vaşinqtondan Quantanamo həbsxanasının məhbusu Məhəmməd Rəhimi azad etməyi xahiş edir. Onun Üsamə bin Ladenin kuryeri və tərcüməçisi olduğu hesab edilir.

Herbiand.az bildirir ki, bu barədə “The New York Times” (NYT) qəzeti xəbər verir.

Qəzetin mənbəyinə görə, taliban əvvəllər Əfqanıstan həbsxanalarından beş amerikalını azad edib və onların ABŞ-a getməsinə icazə verib. Lakin danışıqlar prosesi indi dayanıb.

Tərəflər Rəhimin azad edilməsi barədə razılığa gələ bilmirlər, çünki Ağ Ev Əfqanıstanda məhkum edilmiş ABŞ vətəndaşı Mahmud Həbibinin harada olduğu barədə məlumat əldə edə bilmir.

Medianın məlumatına görə, Co Bayden administrasiyası Həbibinin müqabilində bin Ladenin tərcüməçisini azad etməyə razılaşıb. Lakin Əfqanıstan hakimiyyəti o zaman bu təklifi rədd edərək Rayan Korbett və Uilyam Uolles Makkentinin azad edilməsi müqabilində narkotik qaçaqmalçısı Xan Məhəmmədin azad edilməsini üstün tutub.

İndi Vaşinqton Əfqanıstanla məhbus mübadiləsinə bin Ladenin tərcüməçisini daxil etmək niyyətində deyil. Həbibinin qohumları “The New York Times” qəzetinə bildiriblər ki, Ağ Ev bin Ladenin kuryeri üçün razılaşma bağlanmazdan əvvəl amerikalıların geri qaytarılmasında israr edir.

Əfqanıstan isə Həbibini yalnız Rəhim həbsdən azad edildikdən və vətənə qayıtdıqdan sonra ABŞ-a göndərməyə hazırdır.

Qeyd edək ki, ABŞ rəsmi olaraq Talibanı Əfqanıstanda qanuni hakimiyyət kimi hələ tanımayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
herbiand.az

1Mənbələr