“Azərbaycan-İsrail münasibətləri son illərdə təkcə ikitərəfli əməkdaşlıq formatını aşaraq regional və qlobal geosiyasi proseslər kontekstində strateji əhəmiyyət kəsb edən tərəfdaşlıq modelinə çevrilib. Siyasi, iqtisadi, təhlükəsizlik və texnoloji sahələrdə dinamik inkişaf edən bu əlaqələr qarşılıqlı etimada, praqmatik maraqlara və uzunmüddətli strateji baxışa əsaslanır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat bildirib ki, iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əsas göstəricilərindən biri Azərbaycanda İsrail səfirliyinin açılmasıdır: “Bu addım təkcə diplomatik münasibətlərin genişlənməsi deyil, həm də siyasi dialoqun institusional əsasda dərinləşdirilməsinin rəmzidir. Səfirliyin fəaliyyəti ikitərəfli əlaqələrin koordinasiyasını gücləndirir və yeni əməkdaşlıq platformaları yaradır.
Bu kontekstdə İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın real məzmunla doldurulduğunu və münasibətlərin deklarativ deyil, praktik xarakter daşıdığını nümayiş etdirir.
Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında keçirilən geniştərkibli görüşdə siyasi dialoqun intensivləşdirilməsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri, enerji, ticarət, investisiya, təhsil, mədəniyyət və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Nazirlərin regional və qlobal sülhə töhfə verməyin vacibliyini vurğulaması tərəflərin yalnız milli maraqlarla deyil, daha geniş geosiyasi məsuliyyət çərçivəsində hərəkət etdiyini göstərir. Azərbaycanın İsrail–Fələstin münaqişəsinin sülh yolu ilə həllinə verdiyi dəstək və Qəzzada atəşkəsin davamlılığı ilə bağlı mövqeyi Bakının balanslaşdırılmış və konstruktiv xarici siyasət xəttinin növbəti təsdiqidir”.
O əlavə edib ki, israilli naziri müşayiət edən 40-dan çox israilli iş adamı və dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyətinin tərkibi əməkdaşlığın prioritet istiqamətlərini aydın şəkildə ortaya qoyur. “Su texnologiyaları, kənd təsərrüfatı, kibertəhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və innovasiya sahələri Azərbaycanın inkişaf strategiyası ilə tam uzlaşır.
Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumu və bu çərçivədə imzalanan Anlaşma Memorandumu münasibətlərin iqtisadi sütununun gücləndirilməsinə xidmət edir. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə İsrailin İstehsalçılar Assosiasiyası arasında imzalanan sənəd B2B əməkdaşlıq, biznes missiyaları, qarşılıqlı investisiyalar və özəl sektorlararası dialoqun genişlənməsi üçün yeni imkanlar açır”. – o vurğulayıb.
İki ölkə arasındakı əlaqələrin geosiyasi əhəmiyyəti, regional əməkdaşlığa təsirindən danışan deputat bildirib ki, Azərbaycan-İsrail tərəfdaşlığı yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır: “Bu əlaqələr Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində geosiyasi balansın formalaşmasına dolayı təsir göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, texnologiya transferi və təhlükəsizlik əməkdaşlığı bu tərəfdaşlığı regional əməkdaşlıq modeli səviyyəsinə yüksəldir.
Azərbaycanın müsəlman dünyası ilə sıx əlaqələrə malik olduğu halda İsraillə strateji münasibətləri inkişaf etdirməsi Bakının çoxvektorlu və praqmatik xarici siyasətinin nadir nümunəsidir. Bu model qarşıdurma deyil, dialoq və əməkdaşlıq üzərində qurulmuş geosiyasi yanaşmanın mümkünlüyünü nümayiş etdirir.
Azərbaycan-İsrail münasibətləri bu gün klassik diplomatik əlaqələrdən çıxaraq siyasi etimad, iqtisadi qarşılıqlılıq və təhlükəsizlik maraqları üzərində formalaşan strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu tərəfdaşlıq təkcə iki ölkənin deyil, daha geniş regional məkanın sabitliyinə, inkişafına və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
Əldə olunan nəticələr göstərir ki, Bakı və Təl-Əviv arasında qurulan bu model uzunmüddətli perspektivdə regional diplomatiyada və geosiyasi balansın qorunmasında mühüm rol oynayacaq”.
Mürtəza