AZ

Süni intellekt yeni öyrənmə metodları tətbiq edir

Bakı, 26 yanvar, AZƏRTAC

Süni intellektin sürətli inkişafı, həm ümumi, həm də ali təhsil sistemlərində mühüm rol oynayır. Eyni zamanda, akademik fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə də süni intellekt alətlərini dəstəkləyən təhsil platformalarının istifadəsi artıq sürətlə inkişaf etməyə başlayıb. Süni intellekt təhsilin keyfiyyətini və effektivliyini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, yeni tədris üsulları və öyrənmə metodları tətbiq edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Təhsil İnstitutunun əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Xatirə Dövlətova deyib.

O bildirib ki, ənənəvi təhsil sistemindən fərqli olaraq, süni intellekt böyük həcmdə məlumatların toplanması, təhlili və verilənlərin bir-biri ilə əlaqəli formada analizinə şərait yaradır: “Təhsil sistemində süni intellektdən istifadə edən müxtəlif tətbiq sahələri var. İlk növbədə, müəllimlər üçün dərs planlaşdırılmasının avtomatlaşdırılması və qiymətləndirmə prosesinin optimallaşdırılması əsas üstünlüklərdən biridir. Bu yanaşma müəyyən hallarda plagiat risklərini azaldır və fərdi öyrənmə yollarının tətbiqinə imkan yaradır. Bundan əlavə, süni intellektin şagirdlər üçün üstünlüyü ondan ibarətdir ki, hər bir şagird öz şəxsi öyrənmə tempinə əsasən bu alətlərdən istifadə edərək məlumatların daha detallı araşdırılması və tətbiqində kömək ala bilər. Virtual dəstək vasitəsilə günün istənilən saatında suallara cavab tapmaq mümkündür və bu da daha interaktiv mühitinin formalaşmasına şərait yaradır”.

Xatirə Dövlətova təklif olunan süni intellekt platformalarının təhsil sahəsinin inkişafına əhəmiyyətli təsir göstərdiyini söyləyib: “Bu platformalara “Microsoft Copilot”, “ChatGPT”, “Wolfram Alpha” və “Khan Academy” kimi alətlər daxildir. Xüsusilə “Khan Academy”nin üstünlüyü ondan ibarətdir ki, burada valideyn-şagird-müəllim üçtərəfli olaraq təhsil prosesinin icrasına istiqamətlənə bilirlər. Bu modeldə müəyyən sualların cavablandırılmasında şagirdlər aktiv iştirak edir, müəllim tapşırıqlar verir, valideynlər isə prosesi nəzarətdə saxlayır”.

Seçilən
19
azertag.az

1Mənbələr