AZ

WUF13-ün Bakıda keçirilməsi Azərbaycan iqtisadiyyatına strateji töhfə kimi dəyərləndirilir - AÇIQLAMA

Bakı, 26 yanvar, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda artan nüfuzunun və beynəlxalq etimadının növbəti göstəricisi olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün mühüm strateji əhəmiyyət daşıyır. Dünyanın onlarla ölkəsindən minlərlə rəsmi nümayəndə, ekspert və beynəlxalq təşkilat təmsilçisinin iştirakı ilə baş tutan forum iqtisadi, institusional və imic baxımından çoxşaxəli dividendlər formalaşdırır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, WUF13 turizm və xidmət sektorunda qısamüddətli iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırır.

“Forum günlərində Bakıya gələn xarici qonaqlar hotellər, ictimai iaşə, nəqliyyat, tədbir təşkili və digər xidmət sahələrində dövriyyənin yüksəlməsinə səbəb olur. Bu amil qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan turizmin dayanıqlı inkişafına real töhfə verir. Forumun iqtisadi təsiri təkcə qısamüddətli gəlirlərlə məhdudlaşmır. WUF13 Azərbaycanın investisiya cəlbediciliyinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platforma rolunu oynayır. Şəhərsalma, “ağıllı şəhər” konsepsiyaları, yaşıl iqtisadiyyat, enerji səmərəliliyi və dayanıqlı infrastruktur kimi sahələrdə müzakirələr xarici investorların və beynəlxalq maliyyə institutlarının diqqətini ölkəmizə yönəldir. Bu isə orta və uzun müddətli investisiya qərarlarının formalaşmasına əlverişli zəmin yaradır.

Bununla yanaşı, WUF13 Bakının və ümumilikdə Azərbaycanın şəhərsalma və infrastruktur siyasətində beynəlxalq təcrübənin tətbiqini sürətləndirir. Forum çərçivəsində aparılan müzakirələr müasir urbanistika yanaşmalarının, innovativ planlaşdırma modellərinin və ekoloji standartların ölkədə geniş tətbiqinə stimul verir. Nəticədə, şəhər iqtisadiyyatının səmərəliliyi artır, yaşayış mühiti daha dayanıqlı və rəqabətqabiliyyətli olur”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Aydın Hüseynov qeyd edib ki, forum həm də insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yerli mütəxəssislərin, memarların, planlaşdırıcıların və sahibkarların beynəlxalq ekspertlərlə birbaşa təması bilik və təcrübə mübadiləsini gücləndirir: “Bu proses innovasiya potensialının artmasına və milli iqtisadiyyatın qlobal dəyər zəncirlərinə inteqrasiyasına xidmət edir. Eyni zamanda, WUF13-ün Bakıda keçirilməsi ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə ciddi töhfə verir. Azərbaycan regional və qlobal problemlərin müzakirə olunduğu etibarlı platforma kimi təqdim olunur. Bu müsbət imic faktoru gələcəkdə turizm axınlarının artmasına, beynəlxalq biznes marağının güclənməsinə və xarici kapitalın ölkəyə cəlb edilməsinə əlavə stimul yaradır. Beləliklə, WUF13-ün Bakıda təşkili təkcə nüfuzlu beynəlxalq tədbir deyil, eyni zamanda, Azərbaycan iqtisadiyyatı üçün strateji imkanlar paketi kimi çıxış edir. Forum qeyri-neft sektorunun inkişafını sürətləndirir, investisiya mühitini möhkəmləndirir və dayanıqlı şəhər iqtisadiyyatının formalaşmasına mühüm töhfə verir”.

 

Seçilən
69
azertag.az

1Mənbələr