
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında qalan son girovun cəsədini taparaq ölkəyə qaytarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi açıqlamasında bildirilib.
Ekspertiza nəticəsində tapılan qalıqların polis məmuru Ran Qviliyə məxsus olduğu təsdiqlənib. 2023-cü ilin oktyabrın 7-sində 24 yaşlı Ran Qvili HƏMAS üzvləri ilə döyüşdə öldürülüb və daha sonra onun cəsədi Qəzzaya aparılıb.
Bir gün əvvəl İsrail hakimiyyəti Qəzza zolağında Ran Qvilinin cəsədini tapmaq üçün genişmiqyaslı əməliyyat keçirdiklərini açıqlayıb.
Bütün sağ girovları və bütün ölənlərin cəsədlərinin qaytarılması 2025-ci ilin oktyabrında imzalanan Qəzza müharibəsinə son qoymaq planının birinci mərhələsinin əsas şərtlərindən biri olub. HƏMAS üzvləri dekabrın əvvəlinə qədər sağ girovları bir neçə mərhələdə İsrailə təhvil veriblər. Yanvarın 25-də İsrail Baş naziri Binyamin Netanyahunun ofisi elan etdi ki, Ran Qvilinin qalıqları tapıldıqdan sonra İsrail Müdafiə Qüvvələri Qəzza zolağını Misirlə birləşdirən və zolağa humanitar yardım üçün vacib bir yol olan Rəfah keçidini yenidən açacaq. Bu tədbirlər sülh planının ikinci mərhələsinin bir hissəsidir.