AZ

"Qalib olmaq hissi çox gözəldir" -

Azərbaycanın gənc və uğurlu xanım idmançılarından biri Emili Rzayevadır. O, boks, kikboksinq və muay-tay üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edib və “Meqalodon” ləqəbi ilə tanınır. Emili bir sıra Avropa və beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Onun bacısı Xanım Rzayeva da kiçik yaşlarından döyüş idmanları ilə məşğuldur. Xanım bacısının məşqlərini müşahidə edərək bu sahəyə yönəlib və ona “Raptor-Xani” ləqəbi verilib. Hər iki bacının məşqçisi və əsas dəstəkçisi ataları Emil Rzayevdir. O, polis əməkdaşı olmaqla yanaşı, fiziki hazırlıq üzrə mütəxəssisdir və qızlarının məşqlərinə şəxsən rəhbərlik edir. Metbuat.az Xanım Rzayeva və atası Emil Rzayevlə həmsöhbət olub:– Qız övladlarını döyüş idmanlarına yönəltmək qərarını necə verdiniz?Emil Rzayev: Mən bu qərarı bir neçə amili nəzərə alaraq verdim. Gördüm ki, qızların bu cəmiyyətdə düzgün formalaşması və düzgün tərbiyə alması çox vacibdir. Eyni zamanda qızlarımın həyatda qardaşlarının olmamasını da düşündüm. Bir-birlərinə dayaq olmaları və özlərini qoruya bilmələri üçün döyüş idman növünü onlara məsləhət gördüm. Mənə elə gəlir ki, qızların döyüş idmanı ilə məşğul olması bəzən hətta oğlanlardan da daha vacibdir.
– İdmanı seçməyində bacısı Emili Rzayevanın rolu olubmu?Emil Rzayev: Emilinin bu sahədə ümumiyyətlə rolu olmayıb. Onun bacısına məşq keçməyə həvəsi yoxdur, heç bir köməklik də göstərmir. Xanım sadəcə evdə gedən məşqləri kənardan müşahidə edib, idmanı görüb və özü həvəslənib. Sonradan bu həvəsin artmasına artıq mən köməklik göstərmişəm. Yəni Emilinin bacısının idmana getməyində rolu yoxdur.– “Raptor-Xani” və “Meqalodon” ləqəblərinin mənası nədir?Emil Rzayev: “Raptor” dinozavrlara aiddir və onların içində ən çevik olanlardan biridir. Baxmayaraq ki, boyca digərlərindən balacadır, çox sürətli, şücaətli və qərarlıdır. Tez qərar verir, beyni sürətli işləyir. Məhz bu xüsusiyyətlərinə görə bu ləqəbi Xanım üçün seçdik. Xanım da bu adı qəbul edir, çünki özü də sürətlidir. Bacısının ləqəbi “Meqalodon”dur. “Meqalodon” soyuqqanlılığı ilə seçildiyi üçün bu adı Emiliyə vermişik. O, çox sakitdir, qaynayıb-qarışmır, öz mövqeyi var və döyüşdə də həmişə soyuqqanlı şəkildə mübarizə aparır.– Uşaq yaşında döyüş idmanlarında təhlükəsizlik necə təmin olunur?Emil Rzayev: Təhlükəsizlik qaydalarına riayət edirik, amma bu döyüş idmanıdır və zədəsiz tam mümkün deyil. Zədələr olur və biz buna hazırıq. Hər hansı zədə olarsa, müalicə edirik və çalışırıq ki, tez bərpa olunsunlar və yenidən məşqlərə davam etsinlər.– Xanımın potensialını necə qiymətləndirirsiniz?Emil Rzayev: Əgər ara verməsə və məşqləri bu qaydada davam etdirsək, gələcəkdə daha böyük nəticələr əldə etmək imkanımız olacaq.– Azərbaycanda qızlar üçün döyüş idmanlarına şərait yetərlidirmi?Emil Rzayev: Bizim respublikada qızlarla bağlı döyüş idman növü bir az çətindir, çünki qızlar bu sahə ilə az məşğul olur. Məşq prosesində fəndlərin tətbiqi və mənimsənilməsi üçün mütəmadi "atrabotka" lazımdır, amma qız az olduğu üçün bu çox çətin başa gəlir. Məcbur olub oğlanlarla məşq edirlər, lakin oğlanlarla məşq qızlarla olan kimi olmur. Oğlanlar çox vaxt güzəştə gedirlər, tam gücü ilə işləmirlər və nəticədə qızlar onlardan səmərəli şəkildə öyrənə bilmirlər. Buna görə də qızları bu sahədə inkişaf etdirmək bizim üçün çətin olur.Hələ 7 yaşında olarkən, 2024-cü ildə Bakı və Azərbaycan çempionu olmuş Xanım Rzayevaya da bir neçə sual ünvanladıq. O, hazırda 4-cü sinifdə oxusa da, paralel olaraq kikboks, boks və taekvando ilə də məşğul olur:
– Məktəb və məşqləri eyni anda aparmaq çətin olurmu?Xanım Rzayeva: Çox çətindir, çatdıra bilmirəm, çox yoruluram. Əgər peşəkar idmançı kimi məşq edirəmsə, bu, mənim üçün ağır olur. Həvəskar idmanla məşğul olsaydım, mənim üçün yüngül olardı. Mənim məşqlərim başqa idmançıların məşqləri ilə müqayisədə daha fərqlidir və daha ağırdır.– Gələcəkdə özünü kim kimi görürsən: çempion, məşqçi, yoxsa başqa sahədə?Xanım Rzayeva: Hələ qəti bilmirəm, çünki fikrim tez-tez dəyişir. Bir az da məşq edim, bir az da oxuyum, 11-ci sinifdə artıq hansı peşəni seçəcəyimi biləcəyəm.– Sənin kimi idmanla məşğul olmaq istəyən qızlara nə demək istərdin?Xanım Rzayeva: Mən tövsiyə edirəm ki, bütün qızlar döyüş idman növü ilə məşğul olsunlar ki, haqsızlıq qarşısında özlərini qoruya bilsinlər və cavab verə bilsinlər. Həmişə özlərini güclü hiss etsinlər. Yarışda qalib olmaq hissi isə çox gözəldir, insan həmin an özünü hamıdan güclü hiss edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
87
metbuat.az

1Mənbələr