AZ

Putin İrana görə təşvişə düşdü - SƏBƏBLƏR

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin İrana mümkün hücumunun Yaxın Şərqdə ciddi qeyri-sabitlik yaradacağını bildirib. Kremlin nümayəndəsinin sözlərinə görə, Moskva bütün tərəfləri təmkinli olmağa çağırır.

 

Peskov qeyd edib ki, ABŞ-nin İrana qarşı mümkün hərbi addımı regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə bilər və bu, təhlükəli nəticələr doğura bilər.

 

Rusiya niyə ABŞ-ni İrana qarşı mümkün hücumdan çəkindirir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, Rusiya İrana qarşı ABŞ-nin hərbi əməliyyatlara başlamaq istəklərini əngəlləmək üçün verdiyi bəyanatların tərkibində, əslində, ABŞ-nin İrana qarşı baş verənlərdən dolayı mümkün hər hansı hərbi əməliyyatlarını prinsipial səbəblərdən deyil, öz maraqlarını qorumaq məqsədilə istəmədiyi dayanır:

 

“Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun bu istiqamətdə verdiyi açıqlama məhz bu səbəblərdən doğur və Rusiya ABŞ-ni belə bir addımın regional xaosa səbəb ola biləcəyi ehtimalı ilə çəkindirir. Əslində isə Rusiya burada daha çox öz maraqları ilə çıxış etsə də, bir çox reallıqları və mümkün variantları da nəzərə alaraq xəbərdarlıq edib. Belə olan təqdirdə vəziyyət kontroldan çıxaraq Yaxın Şərqdə daha genişmiqyaslı müharibə riskini artıra bilər və Hörmüz boğazında təhlükəsizlik baxımından ciddi risklərin yaranması ehtimalı mövcuddur. Bu isə enerji bazarına ciddi şəkildə təsir göstərə, Livan, Yəmən, İraq və Suriya kimi bir sıra ölkələrdə zəncirvari qarşıdurmalara yol aça bilər.

Elə bir vəziyyət Rusiyanın Yaxın Şərq siyasətinə uyğun deyil. Çünki bu, onun Aralıq dənizinə çıxışını təhdid altına sala və regiondakı diplomatik balansını təhlükəyə ata bilər. Moskva hər zaman olduğu kimi burada da idarəolunan gərginliyin tərəfdarıdır və nəzarətdən çıxmış müharibə əsla Rusiyanın siyasətinə uyğun gəlmir. Rusiya İran vasitəsilə bu regionda öz siyasətini davam etdirir və bu istiqamətdə yürütdüyü siyasəti daha da genişləndirmək niyyətindədir. Həmçinin İran Qərbə qarşı Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdən biridir və bu səbəbdən sanksiyalara baxmayaraq Qərbə təslim olmayan dövlətdir”.

 

Ç.Şahbazi İranın bu mövqeyinin Rusiyanın Qərblə mübarizəsində sipər rolunu oynayan mexanizm kimi də qiymətləndirilməli olduğunu əlavə edib:

 

“İranın mövqeyi ABŞ-nin Yaxın Şərqdə manevr imkanlarını azaldır və ABŞ bu səbəbdən daha ehtiyatlı davranmağa məcbur qalır. Bundan başqa, İran rejimi məhv edilərsə, növbəti hədəfin Rusiya ola biləcəyi ehtimalı mövcuddur və bu baxımdan İran Rusiyanın qarşısında strateji sipər rolunu oynayır.Rusiya və İran arasında istər siyasi, istərsə də iqtisadi müttəfiqlik və tərəfdaşlıq baxımından əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr kölgə bank mexanizmləri, enerji və hərbi texnika mübadiləsi, alternativ ticarət marşrutları kimi sahələrdə əməkdaşlıq imkanlarını əhatə edir və bu səbəbdən İran Rusiya üçün olduqca önəmlidir. Əlbəttə ki, bu iki ölkəni heç bir ideologiya birləşdirmir, lakin praqmatik strateji maraqlar ön plandadır. Məhz bu səbəbdən Rusiyanın mətbuat sözçüsü Peskov dolayısı ilə ABŞ-yə “qırmızı xətləri keçməyin”, “biz hələ də oyundayıq”, İrana isə “biz sizi tək buraxmırıq” mesajlarını vermiş oldu”.

 

Fidan Hacızadə


Seçilən
10
azia.az

1Mənbələr