AZ

Murmansk yaxınlığında ABŞ-nin kəşfiyyat təyyarəsi qeydə alınıb

Flightradar24: ABŞ-nin Poseidon təyyarəsi Murmansk limanı yaxınlığında uçuş həyata keçirib…

Poliqon xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus P-8A Poseidon patrul-əleyhdənizaltı və kəşfiyyat təyyarəsi Murmansk yaxınlığında uçuş həyata keçirib. Flightradar24 uçuşların izlənməsi portalının məlumatına görə, hava gəmisi İslandiyanın Keflavik beynəlxalq hava limanından havaya qalxıb və bir neçə saat sonra Barens dənizinin neytral hava məkanında, Murmansk limanına yaxın ərazidə qeydə alınıb.

Xidmətin məlumatında bildirilir ki, bir müddət sonra təyyarə radar ekranlarından itib və hazırda Murmansk ətrafında onun uçuşu qeydə alınmır. ABŞ-nin belə uçuşları, əsasən, kəşfiyyat və monitorinq xarakteri daşıyır və regiondakı hərbi-strateji vəziyyətin izlənməsi məqsədi güdür.

Qeyd edək ki, Boeing P-8A Poseidon mülki 737-800ERX təyyarəsi platforması əsasında hazırlanmış ixtisaslaşmış aviasiya kompleksidir. Bu təyyarə suüstü vəziyyətin monitorinqi, eləcə də sualtı qayıqların aşkarlanması və onlara qarşı mübarizə üçün nəzərdə tutulub. Poseidon ABŞ-nin və NATO ölkələrinin ən müasir dəniz patrul və kəşfiyyat vasitələrindən biri hesab olunur.

Məlumata görə, yanvarın 20-də eyni tipli ABŞ təyyarəsi Qara dəniz üzərində, Soçi sahilləri yaxınlığında da müşahidə edilib. Qeydə alınmış marşruta əsasən, kəşfiyyat təyyarəsi Siciliya adasındakı aviabazadan havaya qalxıb, Bolqarıstanın Varna şəhəri və Rumıniya ərazisi üzərindən uçaraq Soçi istiqamətinə yönəlib. Uçuş zamanı təyyarənin Krım yarımadasından qəsdən yan keçdiyi, daha sonra Gürcüstanın Batumi şəhəri yaxınlığında manevr edərək geri dönüb və bazasına — İtaliyaya qayıtdığı bildirilir.

Hərbi müşahidəçilər hesab edirlər ki, ABŞ-nin bu cür uçuşları Arktika və Qara dəniz bölgələrində artan geosiyasi gərginlik fonunda kəşfiyyat fəaliyyətinin intensivləşdiyini göstərir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr