AZ

İtaliya Kran-Montanadakı yanğına görə səfiri İsveçrəyə qaytarır

BAKI, 27 yanvar. TELEQRAF

İtaliya hakimiyyəti İsveçrənin Kran-Montana dağ-xizək kurortunda yerləşən barda baş vermiş və 40 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsinin araşdırılması üzrə birgə istintaq aparılacağı və məhkəmə-istintaq orqanları arasında tam əməkdaşlıq təmin ediləcəyi təqdirdə, müvəqqəti geri çağırılmış səfirini yenidən İsveçrəyə göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İtaliyanın baş naziri Corca Meloni İsveçrədəki İtaliya səfiri Can Lorenzo Kornado ilə görüşüb. Görüş zamanı bildirilib ki, iki ölkənin məhkəmə orqanları arasında səmərəli əməkdaşlıq qurulduqdan və 2026-cı il yanvarın 1-də Kran-Montanada baş vermiş faciəyə görə məsul şəxslərin tez bir zamanda müəyyən edilməsi məqsədilə birgə istintaq qrupunun dərhal yaradılmasından sonra səfirin İsveçrəyə qayıdışı mümkün olacaq.

Qeyd olunur ki, İtaliya diplomatik missiyasının rəhbəri daha əvvəl Le Konstellasyon barının sahibi olan Jak Morettinin 254 min dollar məbləğində girov müqabilində azadlığa buraxılmasına etiraz əlaməti olaraq geri çağırılmışdı. İtaliya mediasının yazdığına görə, girov məbləği Birləşmiş Ərəb Əmirliklərindən olan üçüncü şəxs tərəfindən ödənilib, həmin şəxsin kimliyi açıqlanmır.

Roma prokurorluğunun istintaq qrupu göndərməyə hazır olduğu bildirilir. Yanğın nəticəsində ölənlər arasında altı İtaliya vətəndaşı da var.

Xatırladaq ki, yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzində yerləşən məşhur Kran-Montana kurortunda Le Konstellasyon barında yanğın baş verib. Hadisə nəticəsində 40 nəfər ölüb, 116 nəfər xəsarət alıb. Bütün ölənlərin şəxsiyyəti müəyyən edilib, aralarında Rusiya vətəndaşları yoxdur. İstintaq orqanları yanğının şam-fontan və ya benqal şamlarından ehtiyatsız istifadə nəticəsində baş verdiyini istisna etmir. Hadisə ilə bağlı obyektin iki sahibinə qarşı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr