AZ

Starmer Pekinə səfər ərəfəsində ABŞ və Çin arasında seçim etməyəcəklərini bəyan edib

BAKI, 27 yanvar. TELEQRAF

Böyük Britaniya ABŞ ilə xüsusi münasibətləri qorumaqla Çinlə əlaqələri gücləndirmək arasında seçim etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Kir Starmer Çinə səfəri ərəfəsində "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

Starmer qeyd edib ki, ona tez-tez ölkələr arasında sadə seçim təklif olunur, lakin o, bu yanaşmanı qəbul etmir. Baş nazirin sözlərinə görə, ABŞ ilə ticarət sazişi bağlayarkən də ondan ABŞ və Avropa arasında seçim etməsi tələb olunub, lakin o, bu yoldan imtina edib. Starmer vurğulayıb ki, Böyük Britaniyanın ABŞ ilə, xüsusilə təhlükəsizlik və müdafiə sahəsində çox sıx əlaqələri var və London bu münasibətləri qorumaqda maraqlıdır. Eyni zamanda, onun fikrincə, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çini görməməzlikdən gəlmək ağılsızlıq olardı.

Bildirilir ki, yanvarın 27-də Starmer bir sıra nazirlər və iri şirkət rəhbərləri ilə birlikdə Çinə, daha sonra isə Yaponiyaya səfər edəcək. Britaniyanın "The Times" qəzetinin məlumatına görə, Pekinə səfər zamanı baş naziri krallığın təxminən 60 aparıcı şirkət rəhbəri müşayiət edəcək. Onların sırasında "AstraZeneca", GSK, "Standard Chartered", "Haleon", HSBC və "Rolls-Royce" kimi şirkətlərin nümayəndələri də yer alacaq. Starmer 2018-ci ildən sonra Pekinə səfər edən ilk Böyük Britaniya baş naziri olacaq. Sonuncu belə səfəri o zamanın baş naziri Tereza Mey həyata keçirmişdi.

Nəşrin qiymətləndirməsinə görə, bu səfər mürəkkəb geosiyasi şərait fonunda London və Pekin arasında münasibətlərin “qızıl dövrünün” yenidən canlandırılması ilə bağlı ümidlər yarada bilər. Qeyd olunur ki, bu cür əməkdaşlıq mərhələsi ilk dəfə 2015-ci ildə Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeron tərəfindən elan edilmişdi və o, Çin investisiyalarının ölkəyə cəlb olunmasını fəal şəkildə təşviq edirdi.

Sonrakı dövrdə isə yanaşma dəyişib. 2022–2024-cü illərdə baş nazir vəzifəsini icra etmiş Rişi Sunak Çinlə bağlı siyasətin yenidən nəzərdən keçirilməsinə çağıraraq, ticarətin avtomatik olaraq siyasi islahatlara gətirib çıxaracağına dair sadəlövh ideyalardan imtina edilməsini təklif etmişdi. 2023-cü ilin martında Böyük Britaniya hökuməti təhlükəsizlik, müdafiə və xarici siyasətə dair Kompleks Baxış sənədinin yenilənmiş versiyasını dərc edərək, Çini London üçün “dövrü müəyyən edən çağırış” adlandırmışdı.

Seçilən
91
teleqraf.com

1Mənbələr