AZ

Almaniyanın müdafiə naziri:"TRAMP ÜZR İSTƏMƏLİDİR"

ABŞ Prezidenti Donald Tramp Alyansın Əfqanıstandakı missiyalarında iştirak edən digər ölkələrin döyüşçülərinin “cəbhə xəttindən uzaq durması” ilə bağlı söylədiyi fikirlərə görə, həlak olan NATO əsgərlərinin ailələrindən üzr istəməsi yerinə düşərdi.

 

Almaniyanın müdafiə naziri Boris Pistorius bunu “ARD” telekanalının efirində yayımlanan Karen Miosqanın tok-şousunda deyib.

 

“Trampın sözləri sadəcə ədəbsizlik və hörmətsizlikdir. Bu baxımdan, ABŞ Prezidentinin üzrxahlığı ədəb, hörmət və sağlam düşüncə əlaməti olacaq. Ancaq biz hamımız Amerika Prezidentinin necə fəaliyyət göstərdiyini bilirik”, - Almaniyanın Müdafiə naziri söyləyib.

 

Pistorius Pentaqonun rəhbəri Pit Heqsetlə “görüşən kimi” bu vəziyyəti müzakirə edəcəyini diqqətə çatdırıb.

 

“Mən Amerika xalqının nailiyyətlərinə böyük hörmətlə yanaşıram və Birləşmiş Ştatlar 70 ildir bizim müttəfiqimizdir. Amma hörmət qarşılıqlı olmalıdır”, - almaniyalı siyasətçi bildirib.

 

Bundan əvvəl, yanvarın 24-də “Bild” qəzetinə müsahibəsində Donald Trampın bəyanatını şərh edən Boris Pistorius alman əsgərlərinin Əfqanıstanda ümumilikdə 19 il olduğunu və Almaniyanın NATO missiyası zamanı “ağır bədəl ödədiyini” vurğulayıb.

 

“59 əsgər və üç polis zabiti döyüşlərdə, hücumlarda və ya qəzalarda həlak olub. Yaralı əsgərlərin bir çoxu hələ də aldıqları həm ruhi, həm də fiziki travmadan əziyyət çəkirlər. Eyni vəziyyət onların ailələrinə də aiddir, onlar bu ağrını ömürləri boyu çəkəcəklər”, - Almaniyanın Müdafiə naziri əlavə edib.

 

Azvision.az xatırladır ki, yanvarın 22-də “Fox Business” telekanalına müsahibəsində NATO müttəfiqlərinin lazım gələrsə ABŞ-a kömək etməyəcəyini bildirən Donald Tramp 2001-2021-ci illərdə Əfqanıstandakı missiyalarda digər Alyans ölkələrinin əsgərlərinin iştirakından danışıb.

 

“Bizim onlara heç vaxt ehtiyacımız olmayıb. Biz onlardan heç vaxt heç nə istəməmişik. Deyəcəklər ki, Əfqanıstana bir neçə qoşun göndəriblər və bu, doğrudur. Amma onlar bir az geridə olublar, bir az cəbhə xəttindən kənarda qalıblar”, - Amerika lideri iddia edib.

 

Bunun cavabında Böyük Britaniya hakimiyyəti xatırladıb ki, NATO Müqaviləsinin 5-ci maddəsi yalnız bir dəfə - 11 sentyabr 2001-ci il terror hücumlarından sonra müttəfiqlər Birləşmiş Ştatların köməyinə gəldiyi zaman tətbiq edilib. Məhz bu dəstək çərçivəsində Alyansın qoşunları Əfqanıstana yeridilib.

 

“Trampın şərhləri “təhqiredici və həqiqətən də qorxulu”dur. Bu, Əfqanıstan missiyası zamanı həlak olanların və ya yaralananların ailələrinə əzab verir”, - Böyük Britaniyanın Baş naziri Kir Starmer, öz növbəsində, Trampa iradını bildirib.

 

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış da müttəfiqlik öhdəliklərinə sadiqlik sərgiləmiş Polşa veteranlarına hörmət etməyə çağırıb.

Seçilən
28
4
senzor.az

5Mənbələr