AZ

Montyorun ölümünə görə “Azərbaycan Dəmir Yolları”nın əməkdaşına hökm oxundu

Ağsu Rayon Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən İsrafil Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttiham aktına əsasən, İsrafil Bədəlov 09 iyun 2021-ci il tarixli əmək müqaviləsi və eyni tarixli əmrlə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsində elektrik-montyor vəzifəsində çalışıb.


Müəyyən edilib ki, 08 sentyabr 2025-ci il tarixdə saat 09:00 radələrində inzibati binada tərtib edilmiş naryad vərəqinə əsasən Sığırlı və Sığırlı–Padar mənzili üzrə tək yolda 10 kilovattlıq yan xətdə gərginlik çıxarılaraq torpaqlama qoyulmalı, bundan sonra “OM” transformatorlarının sökülməsi işləri aparılmalı idi. Təqsirləndirilən şəxs həmin işlər üzrə iş rəhbəri və müşahidəçi təyin olunmuşdu.


İttihama görə, İsrafil Bədəlov həmin gün saat 14:40 radələrində Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən Sığırlı stansiyasına gəlsə də, işçi qrupla birlikdə Padar stansiyasına getməyib, stansiyada qalıb. Halbuki, o, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq torpaqlamanın qoyulmasını, ayrıcının açılmasını və işə təhlükəsiz başlanmasını təmin etməli idi. Bu hərəkətsizliyi ilə təqsirləndirilən şəxs müvafiq qaydaların tələblərini pozub. Belə ki, yüksək təhlükəli sahələrin mühafizə olunmasını, gərginliyin olmamasının yoxlanılmasını, torpaqlamaların qoyulmasını və gərginliyin səhvən iş yerinə verilməsinin qarşısının alınmasını təmin etməyib.


Nəticədə həmin gün saat 16:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin eyni sahədə çalışan digər elektrik-montyoru, Kürdəmir rayonu Qarasu kənd sakini, 1989-cu il təvəllüdlü Məhəbbət Bağırov Padarqışlaq kəndi ərazisində yerləşən ayrıcını torpaqlama qoymadan açdıqdan sonra, işin ləğv edilməsi səbəbindən torpaqlama aparılmadan yenidən bağlamağa cəhd edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.


Məhkəmə-tibbi sənədlərə əsasən, mərhumun bədənində elektrik nişanələri, sıyrıqlar və müxtəlif nahiyələrdə xəsarətlər aşkarlanıb. Ölümün səbəbi isə elektrik cərəyanının təsirindən yaranmış kəskin ürək-ağciyər çatışmazlığı kimi qiymətləndirilib.


Beləliklə, İsrafil Bədəlova Cinayət Məcəlləsinin 162.2-ci (əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində insan ölümü) maddəsi ilə ittiham irəli sürülüb.


Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməli səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, müsbət xarakterizə edildiyini, ailəsinin yeganə qazanc gətirəni olduğunu, ürək əməliyyatı keçirdiyini və daimi həkim nəzarətində olduğunu söyləyib. Həmçinin zərərçəkmiş tərəflə barışdığını və dəymiş ziyanı tam ödədiyini qeyd edərək cəzadan azad olunmasını məhkəmədən xahiş edib.


Qeyd: Məlumata görə, mərhum Məhəbbət Bağırov 10 ilə yaxın idi ki, elektrik şəbəkəsində montyor işləyirdi, ailəli idi, onun iki gözdən əlil bir oğul və bir qız övladı var.
 

Kamal Məmmədov 

Tarix: 27 Yanvar 2026, 08:10   
Seçilən
42
2
pravda.az

3Mənbələr