AZ

Şirkətin 1,4 milyonluq qəliblərini oğurlayan əməkdaşlarına AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vasiliy İbrahimov və Təsviri Məlikovun (hər ikisinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə Vasiliy İbrahimov 11 il və Təsviri Məlikov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama əsasən, Vasiliy İbrahimov özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə baş operator işlədiyi ASC-lərdən birinin tərkibində fəaliyyət göstərən injeksion sexində baş usta vəzifəsində çalışan Təsviri Məlikovla cinayət əlaqəsinə girərək əvvəlcədən sövdələşib. Onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək vahid niyyətlə oğurluq cinayətini həyata keçirmək barədə razılığa gəliblər.


Belə ki, 2024-cü ilin sentyabr ayının ilk günlərindən 22 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən həmin ASC-nin injeksion sexindən müxtəlif növ sənaye qəlibləri gizli şəkildə talanıb. Rol bölgüsünə əsasən, Təsviri Məlikov iş vaxtları ərzində münasib şərait yarandıqda sexdə quraşdırılmış xüsusi qurğu – qaldırıcı kran vasitəsilə qəlibləri sexin içərisindən çıxararaq daşınmanın rahat olması üçün giriş qapısının yaxınlığına yerləşdirib. Sonradan həmin qəliblər sexdə olan “avtokar” vasitəsilə cinayətdən xəbəri olmayan S.S.-in (adı, soyadı şərtidir) idarə etdiyi “Qazel” markalı avtomobilə yüklənərək ərazidən çıxarılıb və gizli şəkildə talanıb.


İttiham aktında qeyd olunur ki, talanmış qəliblərin ümumi dəyəri 1 353 500 manat təşkil edib. Nəticədə zərərçəkmiş hüquqi şəxs olan ASC-yə xüsusilə külli miqdarda maddi ziyan vurulub.


Hadisədən sonra hər iki şəxs saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
 

Kamal Məmmədov 

Tarix: 27 Yanvar 2026, 08:26   
Seçilən
13
pravda.az

1Mənbələr