"Vikipediya" məqalələrində tarixi və digər faktların təhrif olunması səbəbindən Rusiyada növbəti bir-iki il ərzində qismən bloklana bilər.
Məlumata görə, bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov TASS agentliyinə müsahibəsində bildirib.
Deputatın sözlərinə görə, Rusiya platformaları populyarlıq qazandıqca, tarixi faktları qəsdən təhrif edən və müəyyən bir ölkəyə münasibətdə qeyri-dəqiq olan resursların yoxlanılması məsələsi ortaya çıxacaq.
"Artıq aydındır ki, Vikipediya Rusiyada ikinci dərəcəli məlumat mənbəyi kimi qəbul edilir. Buna görə də, inanıram ki, yaxın bir-iki il ərzində Rusiya hökuməti səviyyəsində belə bir qərar verilə bilər və "Vikipediya" müəyyən məlumatlara çıxış baxımından müəyyən məhdudiyyətlərə məruz qala bilər".
Onun sözlərinə görə, məsələ ümumilikdə Rusiya tarixi ilə əlaqəli müəyyən səhifələrin - çar, sovet və müasir dövrün - bloklanmasını əhatə edə bilər:
"Hesab edirəm ki, Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidmətinin, tarixi ədalətin qorunması baxımından müəyyən tədbirlər düzgün qərar olacaq".