AZ

Bakıda hosteldə Hindistan vətəndaşına qarşı quldurluq edənlərlə bağlı QƏRAR

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Xəyal Səfərov və Vaqif Behbudovun (hər iki şəxsin adı, soyadı şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, onlar 08 iyun 2023-cü il tarixdə, səhər saat 05 radələrindən etibarən Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda Hindistan vətəndaşı, zərərçəkmiş M.M.-i (şərti) izləməyə başlayıblar. Sonra əcnəbi Səbail rayonunda yerləşən “Sahil” adlı hostelə daxil olub. Xəyalla Vaqif də ora daxil olaraq, M.M.-i üzərinə hücum edib, zərərçəkmiş şəxsi dizi ilə hosteldə quraşdırılmış liftin künc hissəsinə itələyib. Vaqif üzərində gəzdirdiyi bıçağı nümayiş etdirib zərərçəkmişin qarın nahiyəsinə tərəf sıxaraq, ona xəsarət yetirəcəyi ilə hədələyib. Bu zaman təqsirləndirilən şəxslər Hindistan vətəndaşının əl çantasını açaraq ümumilikdə 2 364 manat məbləğdə pul vəsaitini quldurluq yolu ilə ələ keçiriblər.


Hadisədən sonra onlar saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Səfərov 8 il 6 ay və Vaqif Behbudov isə 8 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

Kamal Məmmədov 

Tarix: 27 Yanvar 2026, 08:53   
Seçilən
18
2
pravda.az

3Mənbələr