AZ

Yardımlıda 2025-ci ilin nəticələri müzakirə edilib

Rayon iqtisadiyyatının müxtəlif sahələrinə 3,7 milyon manat investisiya cəlb olunub

Gədəbəylilər keçən ili də uğurlu göstəricilərlə yola salmışlar. Vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinə həssaslıqla yanaşılması, vətəndaş məmnunluğunun daha da artırılması, rayonda mühüm infrastruktur layihələrinin icrası, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər uğurla davam etmişdir.

2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bütün bunlar barəsində geniş məlumat verilmiş, cari ildə görülməsi vacib olan məsələlər ətrafında müzakirələr aparılmışdır. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev çıxış edərək diqqətə çatdırmışdır ki, rayon sakinlərinin gərgin əməyi sayəsində 2025-ci ildə ümumi məhsul istehsalının dəyəri əvvəlki illə müqayisədə 165,8 milyon manat və ya 39,5 faiz artaraq 586 milyon manata çatmışdır. O cümlədən sənaye məhsullarının istehsalı 208,8 milyon, kənd təsərrüfatı məhsullarının istehsalı 277,4 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə çoxdur. Tikinti sahəsində isə görülən işlərin dəyəri 0,2 milyon manat və ya 5,7 faiz çox olmaqla 3,9 milyon manata çatmışdır. Orta aylıq əməkhaqqına gəldikdə, bu göstərici 2024-cü illə müqayisədə 12,7 faiz artaraq 847 manat olmuşdur. 

Məruzədən məlum oldu ki, il ərzində rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 3,7 milyon manat  investisiya cəlb edilmişdir. İnvestisiyanın 0,88 milyon manatı (23,6 faizi) turizmin, 0,4 milyon manatı (10,1 faizi) kənd təsərrüfatının, 2,5 milyon manatı (66,3 faizi) digər sahələrin payına düşmüşdür.

Hesabat ilində rayonda kiçik və orta sahibkarlığın inkişafı üçün Gədəbəy KOB Dostuna 149 müraciət daxil olduğunu və onlardan 55-nə (37 faizinə) 769,5 min manat kredit verildiyini deyən məruzəçi əhalinin əsas məşğuliyyət sahələri olan əkinçiliyin və heyvandarlığın daha da inkişafı istiqamətində işlərin davam etdirildiyini, ötən təsərrüfat ilində 13552,8 hektar əkin aparıldığını, 8680,3 hektar kartof, 2618,2 hektar buğda, 970 hektar arpa, 445 hektar kələm, 365 hektar çuğundur, 153,8 hektar yerkökü və 320,5 hektar digər kənd təsərrüfatı məhsullarının əkildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ötən illə müqayisədə ümumi əkin sahəsi 1055,6 hektar və ya 8,4 faiz artmışdır. Sahələrdən 117 min ton və ya hər hektardan 135 sentner kartof, 8,4 min ton (32,2 sentner) buğda, 2,5 min ton (25,5 sentner) arpa, 8 min ton və (180 sentner) kələm  və 12,2 min ton digər kənd təsərrüfatı məhsulları yığılmışdır.

Rayonda heyvandarlığın inkişafı istiqamətində də müxtəlif tədbirlər həyata keçirilmişdir. Nəticədə il ərzində rayon üzrə təsərrüfatlarda 254,2 min baş mal-qara, o cümlədən 41,2 min baş qaramal, 213 min baş qoyun və keçi qeydə alınmış, quşların sayı 167,6 min başa çatmış, diri çəkidə 6,9 min ton ət, 48,6 min ton süd, 9,6 milyon ədəd yumurta istehsal edilmişdir. Heyvandarlığın inkişafı məqsədilə aparılmış süni mayalanma tədbirləri nəticəsində 25 baş sağlam buzov əldə olunmuş və rayon sakinlərinə 2500 manat subsidiya ödənilmişdir. Arıçılığa gəldikdə, il ərzində rayon üzrə fərdi təsərrüfatlarda 13 min arı ailəsindən 91 ton məhsul əldə edilmişdir.    

Heyvandarların icarəsinə verilmiş yay otlaq sahələrinin istifadə vəziyyəti də daim diqqətdə saxlanılmışdır. Cari ilin 1 yanvar tarixinə rayon üzrə 32,9 min hektar yay otlaq sahəsindən 8,5 min hektar müqavilə əsasında fermerlərə icarəyə verilmiş, 4 min hektar yay otlaq sahəsinin 36 fermerə icarəyə verilməsi ilə bağlı sənədləşmə işləri aparılmışdır. 

Təsərrüfat sahələrində qazanılan uğurlar rayon sakinlərinin sosial durumuna  müsbət təsir göstərmiş, orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 12,7 faiz artaraq 847 manata çatmışdır.

Gədəbəy rayonu dağlıq ərazidə yerləşdiyi üçün burada qış mövsümü olduqca sərt keçir. Odur ki, kəndlərin mavi yanacaqla təmin edilməsi ciddi məsələdir. Yeri gəlmişkən, qeyd edək ki, Gədəbəyin 109 yaşayış məntəqəsindən 76-sı (69,7 faizi) təbii qazla təmin edilmişdir. 

Rayonda yol infrastrukturunun yenilənməsi istiqamətində də işlər pis deyil. Hazırda Prezidentin 2023-cü il 8 dekabr tarixli sərəncamına əsasən, uzunluğu 45 kilometr olan və 17 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad-Cəfərli-Əyrivəng-Alnabat-Kərimli-İnəkboğan-Göyəmli-Şınıx-Göyəlli-Çobankənd-Şahdağ-Çiçəkli avtomobil yolu əsaslı təmir edilir. Bələdiyyələrin təşkilatçılığı ilə 26 yaşayış məntəqəsində 83,5 kilometr yola qum-çınqıl döşənməsi və Gədəbəy şəhərində 11 küçəyə asfalt döşənməsi isə başa çatmışdır.  

Məruzədə bildirildi ki, il ərzində şəhid ailələri, müharibə iştirakçıları və əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli ilə əlaqədar mütəmadi işlər görülmüşdür. Bayram günlərində, şəhidlərin anım günlərində ailələri ziyarət edilmiş, onlara yardımlar olmuşdur. Şəhid ailələri Ceyhunə Hüseynovaya və İman Məmmədova yaşadıqları kəndlərdə fərdi yaşayış evləri tikilmiş, 5 nəfər mənzil növbəsinə götürülmüş, müharibə iştirakçısı olmuş 52 nəfər  özünüməşğulluq layihəsi çərçivəsində əmlakla təmin edilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr