AZ

“Nvidia” “CoreWeave”ə daha $2 milyard investisiya edib

“Nvidia” süni intellekt sahəsində bulud hesablama xidmətləri göstərən “CoreWeave” şirkətinə əlavə 2 milyard dollar investisiya edib. Əməkdaşlıq çərçivəsində “CoreWeave” “Nvidia”nın gələcək məhsullarından, o cümlədən məlumat saxlama sistemləri və yeni mərkəzi prosessoru (CPU) istifadə edən ilk şirkətlərdən biri olacaq.

“Nvidia”nın baş direktoru Censen Huanq bildirib ki, “CoreWeave”ə yeni investisiyalar şirkətin böyümə perspektivlərinə inamın, eləcə də onun rəhbərliyinə və biznes modelinə etimadın göstəricisidir. Onun sözlərinə görə, tərəfdaşlıq əsasən iki şirkətin mühəndislik işləmələrinin uyğunlaşdırılmasına və hesablama güclərinin istismara verilməsinə yönəlib.

“CoreWeave” səhmləri “Nasdaq” birjasında ticarətin əvvəlində pik həddə 16,9% artaraq 108,65 dollara çatıb, “Nvidia” səhmləri isə 0,3% bahalaşaraq 188,31 dollar olub.

“Bloomberg” qeyd edir ki, “CoreWeave” ilə bağlı razılaşma “Nvidia” biznesinin yeni istiqamətini ön plana çıxarır. Belə ki, “Vera” brendi altında təqdim olunacaq CPU “Nvidia”nın bu kateqoriyada ayrıca məhsul kimi təklif etdiyi ilk prosessor olacaq. Daha əvvəl “Nvidia” prosessorları yalnız digər çiplərlə birlikdə sistemlərin tərkibində mövcud idi. İndi isə şirkətin CPU-ları məlumat mərkəzlərində AMD və “Intel”lə rəqabət apara, həmçinin bulud provayderlərinin istifadə etdiyi komponentlərə alternativ ola bilər.

Yeni investisiya elanına qədər “Nvidia” “CoreWeave”in təxminən 6%-nə sahib idi və şirkətin dördüncü ən böyük səhmdarı sayılırdı. “CoreWeave” 2030-cu ilə qədər süni intellekt üçün hesablama güclərini 5 giqavata çatdırmağı planlaşdırır. “Bloomberg” qeyd edir ki, bu həcm təxminən beş iri nüvə reaktorunun istehsal gücünə bərabərdir, 1 giqavat elektrik enerjisi isə ABŞ-də təxminən 750 min ev təsərrüfatını enerji ilə təmin etməyə kifayət edir. “CoreWeave”in baş direktoru Mayk İntreyter bildirib ki, “Nvidia”nın investisiyası şirkətin yeni infrastrukturun işə salınmasına xərcləməyi planlaşdırdığı ümumi məbləğin təxminən 2%-ni təşkil edir.

“CoreWeave” 2025-ci ildə “OpenAI” və “Meta” ilə milyardlarla dollarlıq müqavilələr bağladığını açıqlamışdı. Həmin il şirkət 1,5 milyard dollarlıq IPO da həyata keçirib.

Dekabr ayında isə “CoreWeave” konvertasiya olunan istiqrazların buraxılışı hesabına 2 milyard dollar cəlb etməyi planlaşdırdığını bildirib. Bu xəbər süni intellekt sektorunda səhmlərdə “köpük” yaranması ilə bağlı narahatlıqları artırıb. Bundan sonra “CoreWeave” səhmləri 17 dekabrda 63,8 dollara qədər geriləyib ki, bu da iyunda qeydə alınmış 187 dollarlıq pik səviyyədən 65%-dən çox aşağıdır.

Seçilən
19
banker.az

1Mənbələr