AZ

Saməddin Əsədov: Bağlantı artıq təkcə texniki göstərici deyil, mərkəzi milli aktivdir

Bakı, 27 yanvar, Pərvanə Qafarova, foto Azər İbrahimov, Şövqi Əzizov, AZƏRTAC

Biz inanırıq ki, bu gün bağlantı artıq təkcə texniki göstərici deyil. O, mərkəzi milli aktivdir.

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov yanvarın 27-də Bakıda keçirilən Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində deyib.

“Bağlantı iqtisadi rəqabət qabiliyyətini, dövlət xidmətlərinin göstərilməsini, investisiya cəlbediciliyini, turizmin inkişafını və vətəndaşlarımızın gündəlik təcrübəsini formalaşdırır. Etibarlı və yüksək keyfiyyətli bağlantı müasir infrastrukturun əsas elementi kimi nəqliyyat, enerji və su qədər vacibdir”, - deyə nazir müavini əlavə edib.

Nazir müavini vurğulayıb ki, son beş il ərzində Azərbaycan “Onlayn Azərbaycan” layihəsi vasitəsilə əlamətdar rəqəmsal transformasiya həyata keçirib. “2021-ci ildə ölkəmizdə internet infrastrukturunun inkişafına dair strateji yol xəritəsinin tərkib hissəsi kimi başlayan təşəbbüsün məqsədi aydın idi – bütün vətəndaşlar, xüsusilə də aztəminatlı və ucqar regionlarda yaşayanlar üçün yüksək sürətli genişzolaqlı internetə çıxışı təmin etmək.

Qürurla qeyd edə bilərəm ki, 2025-ci ilin sonuna qədər bu layihə ölkə üzrə tam əhatəyə nail olub. Fiber genişzolaqlı internetə çıxış ev təsərrüfatları və bizneslər üzrə cəmi 9 faizdən bu gün demək olar ki, 100 faizə çatıb. Bu nailiyyət Azərbaycanın sabit genişzolaqlı internet bazarını köklü şəkildə dəyişib.

Bu transformasiyanın təsiri performans göstəricilərində aydın görünür. “Ookla Speedtest Intelligence” məlumatlarına görə, ölkə üzrə sabit genişzolaqlı internetin orta sürəti 2020-ci ildə təxminən 10 Mbit/saniyədən 2025-ci ilin sonlarında demək olar ki, 90 Mbit/saniyəyə yüksəlib. Texniki nailiyyətlərlə yanaşı, bu layihənin sosial ölçüsü xüsusilə önəmlidir.

Layihə çərçivəsində görülən işlərin 40 faizdən çoxu əhalimizin təxminən yarısının yaşadığı kənd ərazilərinə yönəlib. Dövlət-özəl tərəfdaşlığı modeli əsasında köhnə mis şəbəkələrin müasir fiber-optik infrastrukturla əvəzlənməsi sayəsində biz rəqəmsal uçurumu əhəmiyyətli dərəcədə azaltmış və artıq coğrafiyanın imkanlara çıxış üçün maneə olmamasını təmin etmişik. Bununla belə, rəqəmsal ambisiyalarımızı reallaşdırmaq üçün təkcə infrastruktur kifayət deyil”, - deyə nazir müavini bildirib.

Seçilən
88
azertag.az

1Mənbələr