AZ

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub

“Xəzər-Qara

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektdən gələn tələbat, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib.

Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Gürcüstan-Rumıniya Qara dəniz Sualtı Kabeli” layihələrinin qarşılıqlı əlaqəsi, bu təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinə töhfəsi və regional inteqrasiyada rolu da nəzərdən keçirilib. Azərbaycanın regional enerji təchizatçısı kimi rolunun elektrik enerjisi ilə yanaşı, qaz ixracı üzrə də genişləndirilməsi perspektivlərinə toxunulub. Görüşdə enerji səmərəliliyi sahəsində görülən işlər və bu istiqamətdə gələcək addımlardan da bəhs edilib. İctimai binalarda enerji istehlakının azaldılması üçün mövcud potensial, Enerji Effektivliyi Fondunun fəaliyyəti, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub. Bu sahədə texniki yardım və bilik mübadiləsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Seçilən
15
7
xalqcebhesi.az

8Mənbələr