AZ

Culfa rayonunda şəhid kapitan Şamil Babayev mövlud günündə yad edilib

Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla Azərbaycan tarixində silinməz iz qoyan, adını xalqımızın yaddaşına qızıl hərflərlə yazdıran igidlərimizdən biri – Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, şəhid Şamil Baloğlan oğlu Babayevin mövlud günü münasibətilə yanvarın 26 da Culfa rayonu Camaldın kəndində şəhidin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub, xatirəsi böyük ehtiramla yad edilib, ailə üzvlərinə dərin hörmət və ehtiram ifadə edilib.

    Mərasimində Culfa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Qeyd edək ki, kapitan Şamil Baloğlan oğlu Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub. 2005–2006-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2010-cu ildən etibarən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. İlk xidmət yeri Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsi olub. Zabit olmaq və hərbi biliklərini daha da artırmaq məqsədilə 2012-ci ildə Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olunub, 2014-cü ildə təhsilini başa vurduqdan sonra xüsusi təyinatlı dəstənin “Atəş təminat qrupu”nun komandiri vəzifəsinə təyin edilib. 2018-ci ildən Türkiyədə keçirilən xüsusi təlimlərə cəlb olunub.

2020-ci ildə “kapitan” hərbi rütbəsi alan Şamil Babayev Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib. O, 8 noyabr 2020-ci il – Zəfər Günündə Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

    Şəhid kapitan Şamil Babayev göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Seçilən
37
herbiand.az

1Mənbələr