Çin gömrük məlumatlarına görə, Rusiyanın ötən il Çinə fiziki qızıl göndərişləri bir ildə doqquz dəfə artaraq 25,3 tona çatıb. Bu artım tonaj baxımından təxminən 800 faizə bərabərdir.
Hafta.az yazır ki, ixracatın pul dəyəri 14,6 dəfə artaraq 3,29 milyard dollara çatıb. İki ölkə arasında qızıl ticarətinin həm miqdarı, həm də dəyəri bütün zamanların rekorduna çatıb.
2025-ci ilin dekabr ayında cəmi bir ay ərzində Çinə 10 ton qızıl göndərilməsi də tarixi bir zirvəni qeyd edib.
Bu inkişafa baxmayaraq, Rusiya Çinə qızıl satan ölkələr arasında yeddinci yeri tutub. Siyahıda birinci yeri İsveçrə, ardınca Kanada, Cənubi Afrika, Avstraliya və Qırğızıstan tutub. Rusiya əvvəlki il 11-ci yerdə olub. Çinin qızıl idxalının sürətli artımı Pekinin qızıl ehtiyatlarını artırmaq və dollardan asılılığını azaltmaq siyasəti ilə əlaqələndirilir. Beynəlxalq təhlillərə görə, Çinin 2025-ci ildə faktiki qızıl alışı rəsmi rəqəmləri xeyli üstələyə bilər. Rusiyada qızıl istehsalı artmağa davam etsə də, sanksiyaların tətbiqindən sonra ümumi qızıl ixracı əvvəlki illərlə müqayisədə azalıb. Eyni dövrdə Milli Rifah Fondundakı qızıl ehtiyatları da əhəmiyyətli dərəcədə azalıb.