AZ

Mərkəzi Bank “Manato.az”ın vəzifəli şəxsini cərimələyib – Səbəblər açıqlandı

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (Manato.az) və onun vəzifəli şəxsləri barəsində 2025-ci il ərzində bir neçə inzibati qərar qəbul edilib.

Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına görə, 2025-ci ilin dekabr ayında aparılan nəzarət tədbirləri zamanı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, həmçinin kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.

Qeyd olunan pozuntu ilə bağlı 2025-ci ilin avqust ayında da analoji inzibati tədbir görülüb. Belə ki, eyni qanunvericilik tələblərinin pozulmasına görə “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində inzibati cəriməyə cəlb olunmuşdu.

Bundan əvvəl, 2025-ci ilin fevral ayında isə daha ciddi xarakterli pozuntular aşkarlanıb. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələri əsasında “SF Azerbaijan” BOKT MMC 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, 2025-ci il ərzində “SF Azerbaijan” BOKT MMC və onun vəzifəli şəxsləri barəsində ümumilikdə üç inzibati qərar qəbul edilib.

Seçilən
28
18
banker.az

10Mənbələr