AZ

FT: ABŞ Ukraynaya ərazi güzəştləri müqabilində təhlükəsizlik zəmanətləri verəcək...

Vaşinqton Kiyevdən mövcud sülh planına razılıq gözləyir, sənəddə Donbasın Rusiyaya verilməsi nəzərdə tutulur...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri danışıqların gedişi ilə tanış olan səkkiz mənbəyə istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp bunu Kiyevə açıq şəkildə bildirib

"Amerikanın təhlükəsizlik zəmanətləri Ukraynanın hazırkı variantda təqdim olunan sülh sazişi ilə razılaşmasından asılı olacaq", deyə nəşr yazır. Nəşrin məlumatına görə, sözügedən sülh planı Donbas bölgəsinin Rusiyaya verilməsini nəzərdə tutur.

FT qeyd edir ki, Vaşinqton eyni zamanda sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi məqsədilə əlavə silah tədarükü imkanlarını da müzakirə etməyə hazırdır. Lakin bu yardım Ukrayna ordusunun hazırda nəzarətində olan Donbas ərazilərindən geri çəkilməsi şərti ilə mümkün hesab olunur.

Mənbələrin bildirdiyinə görə, ABŞ administrasiyası bu yanaşmanı həm münaqişənin aktiv fazasını dayandırmaq, həm də gələcəkdə Ukraynanın təhlükəsizlik arxitekturasını möhkəmləndirmək üçün kompromis variant kimi qiymətləndirir. Bununla belə, Kiyevin ərazi məsələsində mövqeyi hələlik dəyişməz qalır.

Xatırladaq ki, ötən həftəsonu Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Görüşdə gələcək sülh sazişinin əsas parametrləri müzakirə olunub. Tərəflər ərazi məsələsində irəliləyiş əldə etməsələr də, danışıqları faydalı qiymətləndiriblər və yaxın vaxtlarda təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr