AZ

Yaponiya baş naziri koalisiya seçkilərdə uduzarsa istefa verəcəyini vəd edib

Hakim ittifaq parlamentin aşağı palatasında çoxluğu itirərsə, Sanae Takaici postunu tərk edəcək...

Poliqon Kyodo Agentliyinə istinadən xəbər verir ki, Yaponiya baş naziri Sanae Takaici qarşıdan gələn növbədənkənar parlament seçkilərində hakim koalisiyanın uğursuzluğa düçar olacağı təqdirdə istefa verəcəyini bəyan edib. O bildirib, Liberal-Demokrat Partiyası (LDP) və “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” partiyasından ibarət koalisiya aşağı palatada yerlərin əksəriyyətini qazana bilməsə, baş nazir vəzifəsindən gedəcək.

Tokioda seçicilər qarşısında çıxış edən Sanae Takaici deyib: “Mən seçicilərin etimadını qazanmaq istəyirəm. Əgər LDP və Yaponiyanın Yenilənməsi Cəmiyyəti parlamentdə çoxluq əldə etməsə, baş nazir postundan istefa verəcəyəm”.

Qeyd edək ki, Yaponiyada yanvarın 27-dən parlamentin əsas siyasi çəkisi olan aşağı palataya növbədənkənar seçkilər üçün rəsmi seçki kampaniyasına start verilib. Fevralın 8-nə planlaşdırılan səsvermə müharibədən sonrakı dövrdə ən qısa kampaniya ilə yadda qalacaq. Bu amil, hazırda populyarlığının zirvəsinə yaxın olan və müxalifət üçün ciddi çətinliklər yaradan hakim koalisiyanın xeyrinə işləyir.

İctimai rəy sorğularına əsasən, ən yüksək dəstək Liberal-Demokrat Partiyasına məxsusdur. Bununla yanaşı, partiyanın reytinqi hökumətin ümumi populyarlığından xeyli aşağı qalır. “Nikkei” qəzetinin sorğusuna görə, respondentlərin 40 faizi seçkilərdə LDP-yə səs verməyi planlaşdırır, hökumətin ümumi reytinqi isə Sanae Takaicinin şəxsi nüfuzu hesabına təxminən 65 faiz səviyyəsində qalır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr