ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbindən başlayan aksiyalarda həyatını itirənlərin sayının 6 min 126-ya yüksəldiyini elan edib.
"Cebheinfo.az" xəbər verir ki, HRANA-nın xəbərinə görə, ölkənin bir çox nöqtəsində baş verən hadisələr nəticəsində 41 min 880 nəfər saxlanılıb.
Nümayişlər zamanı yaranan qarşıdurmalarda 214 təhlükəsizlik əməkdaşı daxil olmaqla, toplam 6 min 126 nəfər həyatını itirib.
Agentlik dünənki xəbərində ölənlərin sayının 5 min 848-ə çatdığını bildirmişdi.
Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən Tehran Böyük Bazarında dükan sahiblərinin rəhbərliyi ilə başlayan nümayişlər ölkə daxilinə yayılmışdı.
Paytaxt Tehranda 8 yanvarda şiddətlənən etirazlar zamanı baş verən hadisələr nəticəsində ölkə rəhbərliyi internetə girişi məhdudlaşdırmışdı.
İran Şəhid və Qazilər Fondunun Məhkəmə Tibb Ekspertizasına istinadən 21 yanvarda verdiyi açıqlamada, nümayişlər zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3 min 117 nəfərin həyatını itirdiyi bildirilmişdi.
Bu şəxslərdən 2 min 427-sinin "silahlı terror qrupları" tərəfindən öldürülən təhlükəsizlik qüvvələri və mülki vətəndaşlar olduğu ifadə edilərkən, 690 nəfər haqqında məlumat verilməmişdi.
İranda nümayişlər başa çatmış olsa da, ABŞ-nin Virciniya ştatı mərkəzli HRANA daha çox faktı təsdiqlədiyini iddia edərək ölən və saxlanılanların sayını yeniləməyə davam edir.