BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan iddialarla bağlı rəsmi açıqlama yayılıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan, Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı ayrılması barədə fərman imzaladığına dair məlumatların tamamilə əsassız olduğunu bəyan edib.
Rəsmi açıqlamada bildirilib ki, sözügedən iddialar reallığı əks etdirmir və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Mərkəz vurğulayıb ki, bu cür məlumatlar xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətləri hədəf alan dezinformasiya xarakteri daşıyır.
Dezinformasiya ilə Mübarizə Mərkəzi ictimaiyyəti yalnız rəsmi qurumlar tərəfindən yayımlanan məlumatlara etibar etməyə çağırıb və yanlış xəbərlərin yayılmasının qarşısının alınmasının vacibliyini qeyd edib.