Dövlət qulluğu gənclər üçün sabit və perspektivli karyera yolu kimi getdikcə daha çox maraq doğurur. Son illər bu sahəyə marağın artması və gənclərin iştirak dinamikası diqqət mərkəzindədir.
Belə ki, son beş ildə keçirilmiş imtahanlarda gənclərin iştirakı davamlı artıb. 2021-ci ildə 35,6%-dən 2025-ci ildə 56,3%-ə yüksəlib. İştirakçı gənclərin sayı ən çox Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağdam və digər regionlarda qeydə alınıb.
Maraqlıdır, dövlət qulluğuna marağın artmasına hansı əsas amillər təsir edir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən STM əməkdaşı və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, dövlət qulluğuna qəbulda statistik göstəricilərin artıb-azalması hər şeyin yaxşı və ya pis olması anlamına gəlməz:

"Kəmiyyətin artması özü-özlüyündə tələb və təklif prinsipinin çoxaldığının göstəricisidir. Məsələyə bir neçə rakursdan yanaşmaq olar. İlk növbədə dövlət qulluğuna qəbulun imtahan prosesi, ikinci rakurs isə qəbul imtahanından sonrakı mexanizmlər, vakant yerlərin bölgüsü və s. Biz isə təbii ki, təhsildən danışan şəxslər kimi qəbul prosesinə toxuna bilərik.
Həmin qəbul prosesi son illər getdikcə təkmilləşdirilir. İmtahan iştirakçıları ilə həmsöhbət olduğum zaman prosesin necə şəffaf və uğurlu şəkildə həyata keçirildiyini görürəm. Hazırlıq mexanizmi yaxşı olanlar isə nədənsə heç şikayət etmirlər. Xatırlayıram ki, uzun müddət dövlət qulluğuna qəbulla bağlı test tapşırıqları ilə bağlı şikayətlər olurdu. Amma məlum oldu ki, predmetlərə az da olsa sahib olan, hazırlıq prosesini orta səviyyədə keçən şəxslər qətiyyən çətinlik çəkmirlər.
Düşünürəm ki, dövlət qulluğuna qəbul mexanizmi standartlara uyğun hazırlanıb. Sual sayından məzmununa qədər hər şey düzgün şəkildə sıralanıb. Etiraf edirəm ki, dövlət qulluğuna qəbul prosesi DİM tərəfindən uğurla həyata keçirilir. Təbii ki, hər bir sahədə narazılıq olduğu kimi, dövlət qulluğu ilə bağlı da müəyyən narazılıqlar var. Hətta imtahan vaxtının uzadılması ilə bağlı təkliflər belə mövcuddur. Hesab edirəm ki, bir neçə predmet üzrə orta səviyyəli hazırlıq hər hansı bir fərdi dövlət qulluğunda uğurlu nəticəyə çatdıra bilər".