AZ

Rusiya bu ölkədən ÇIXIR – Kritik hadisələr BAŞLADI 

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa yanvarın 28-də Rusiyaya rəsmi səfər edəcək.

Bu barədə Syria TV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Əhməd əl-Şaraa səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Qeyd edək ki, Əhməd əl-Şaraa Moskvaya bundan əvvəlki səfərini 2025-ci ilin oktyabr ayında həyata keçirib.

Bundan əvvəl bildirilib ki, Rusiya 2019-cu ildən etibarən nəzarət etdiyi Suriyanın şimal-şərqində yerləşən Qamışlı aerodromundan hərbi qüvvələrini çıxarır.

“Reuters” agentliyinin mənbələrinin sözlərinə görə, hərbi bölmələrin bir hissəsi Suriyanın qərbində yerləşən Hmeymim aviabazasına köçürülür, hərbi texnika və ağır silahlar da həmin bazaya daşınır. Digər hərbi birləşmələr isə Rusiyaya geri qaytarılır.

Bu proseslər Suriyanın daxili siyasi sabitliyinə və Əş-Şaraanın legitimliyinə necə təsir göstərə bilər, eyni zamanda Rusiyanın geri çəkilməsi bölgədə digər aktorların təsir imkanlarını artıracaqmı?

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğunu azaltması əslində tarixi bir analoqu xatırladır:

“Bu, 1945-ci ildə Sovet İttifaqının İrana girişi və 1946-cı ildə oradan çıxması ilə müəyyən oxşarlıqlar daşıyır. Həmin dövrdə sovet qoşunları Şimali İrana, o cümlədən azərbaycanlıların kompakt yaşadığı ərazilərə daxil olmuş, yerli hökumət strukturlarını dəstəkləmişdi. Lakin sonradan Sovet rəhbərliyi Şərqi Avropada strateji üstünlük əldə etməyi prioritet sayaraq İran istiqamətindən geri çəkildi və əsas resurslarını Avropada möhkəmlənməyə yönəltdi”.

Şərhçinin sözlərinə görə, bu gün Rusiyanın Suriyadakı hərbi mövcudluğunu azaltması da mahiyyət etibarilə oxşar strateji məntiqə söykənir:

“Burada əsas səbəb Rusiyanın prioritet gündəmində Ukrayna müharibəsinin dayanmasıdır. Bununla belə, söhbət Rusiyanın Suriyadan tam çıxmasından yox, mövcudluğun optimallaşdırılması və azaldılmasından gedir. Çünki Suriya və ümumilikdə Yaxın Şərq hələ də Rusiyanın birinci dərəcəli maraq dairəsinə daxildir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Yaxın Şərq, xüsusilə Suriya ABŞ, Böyük Britaniya və Fransa kimi Qərb dövlətlərinin tarixi maraqlar zonasındadır. Bu səbəbdən Rusiyanın bölgədə “tam hökmranlıq” iddiasından daha çox, minimal, lakin strateji nöqtə xarakterli mövcudluq siyasəti yürütməsi daha rasional görünür. Bu mövcudluq Rusiyanın regional siyasətinin ayrılmaz tərkib hissəsidir”.

Azər Hüseynovun sözlərinə görə, digər tərəfdən, Moskva Türkiyənin Suriyada daha sərbəst hərəkət imkanlarına malik olduğunu və bu prosesdə Ankara ilə birbaşa toqquşmanın özünə əlavə problemlər yaradacağını da nəzərə alır:

“Buna görə də Rusiya paralel şəkildə yeni Suriya hökuməti ilə münasibətləri normallaşdırmağa və öz maraqlarını qorumaq şərti ilə dialoq kanallarını açıq saxlamağa çalışır. Əhməd əl-Şaraa məsələsinə və onun legitimliyi mövzusuna gəldikdə isə, bu məsələ daha çox ABŞ, Qərbi Avropa dövlətləri və Türkiyənin mövqeyi ilə müəyyən olunur. Faktiki olaraq Rusiya artıq Əhməd əl-Şaraanı, öz maraqlarına zidd olmadığı müddətcə, legitim bir siyasi aktor və reallıq kimi qəbul etmiş görünür. Moskva üçün burada əsas meyar ideoloji yaxınlıq yox, geosiyasi balans və strateji zərərin qarşısının alınmasıdır”.

Tunar

Seçilən
27
nocomment.az

1Mənbələr